“Apple” şirkətinin xəritə xidmətində Livanın cənubundakı yaşayış məntəqələrinin adlarının yoxa çıxması ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.


 


Sosial media istifadəçiləri şirkəti qərəzli yanaşmada ittiham edərək boykot çağırışları ediblər.


 


Sfera.az xəbər verir ki, istifadəçilərin paylaşdığı ekran görüntülərinə əsasən, Livanın xüsusilə İsrail ilə sərhəd bölgələrində yerləşən bəzi yaşayış məntəqələrinin adları xəritədən tamamilə yoxa çıxıb. İddia edilir ki, həmin ərazilər xəritədə ya boş, ya da adsız şəkildə göstərilir. Müzakirələrdə diqqətçəkən əsas məqam xəritənin İsrail tərəfindəki yaşayış məntəqələrinin bütün detalları ilə göstərilməyə davam etməsidir.


 


Livan tərəfindəki bəzi kəndlərin isə "görünməz" edilməsi istifadəçilər arasında ciddi "ikili standart" və tərəfkeşlik müzakirələrinə yol açıb. Bəzi istifadəçilər "Google Maps" kimi digər xəritə xidmətlərində eyni bölgələrin hələ də detallı şəkildə göründüyünü vurğulayıblar. Bu müqayisə "Apple Maps"dəki vəziyyətin sadə bir texniki nasazlıq olma ehtimalını azaldıb və olayın siyasi motivli ola biləcəyi şübhələrini artırıb.


 


Mövzu qısa müddətdə böyük reaksiyaya səbəb olub. Çox sayda istifadəçi və ekspert tətbiqin tərəfsizliyini sual altına alaraq texnologiya nəhəngini sərt tənqid edib. Hətta bir çox platformalarda "Apple" məhsullarına qarşı boykot çağırışları başlanıb. Gərginliyin artmasına baxmayaraq, "Apple" şirkəti hələlik məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb. Baş verənlərin texniki bir yeniləmə, yoxsa qəsdən edilmiş bir tənzimləmə olduğu hələ də qeyri-müəyyənliyini qoruyur.


 


Bəsti Rəfizadə


Sfera.az