Mövsümi dəyişikliklər zamanı bir çox insan yaz yorğunluğu ilə üzləşir.


 


Yorğunluq, yuxululuq, diqqət azalması, baş ağrısı və motivasiya düşkünlüyü ilə müşahidə olunan bu vəziyyət həyat keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bu hal iki həftədən çox davam edərsə mütləq həkimə müraciət edilməlidir.


 


Sfera.az xəbər verir ki, yaz yorğunluğunu aradan qaldırmaq üçün gündəlik həyat tərzində edilən bəzi sadə, lakin effektiv dəyişikliklər kifayət qədər müsbət nəticə verə bilər. Mütəxəssislərin tövsiyələrinə görə, ilk növbədə sağlam və balanslı qidalanmaya diqqət yetirilməlidir. Vitamin və mineral baxımından zəngin qidalar orqanizmin enerji balansını qorumağa kömək edir.


 


Eyni zamanda müntəzəm yuxu rejimi də vacib amillərdən biridir — hər gün eyni saatda yatıb-durmaq bədənin bioloji ritmini tənzimləyir və yorğunluğu azaldır. Fiziki aktivlik də yaz yorğunluğuna qarşı mühüm rol oynayır. Yüngül idman və gündəlik hərəkət qan dövranını yaxşılaşdıraraq enerji səviyyəsini yüksəldir. Bununla yanaşı şəkər istehlakının azaldılması tövsiyə olunur, çünki şəkər qısa müddətli enerji versə də sonradan qəfil düşüşə səbəb olaraq yorğunluğu artırır.


 


Bol su içmək də əsas şərtlərdən biridir. Susuzlaşma orqanizmdə halsızlığın əsas səbəblərindən sayılır və kifayət qədər su qəbulu bütün sistemlərin düzgün işləməsinə dəstək olur. Bundan əlavə yuxu keyfiyyətinə diqqət yetirmək və dərin, fasiləsiz yuxu almaq gündəlik enerji bərpası üçün vacibdir.


 


Mütəxəssislər həmçinin bildirirlər ki, bəzi hallarda vitamin və mineral çatışmazlığı, xüsusilə D vitamini və dəmir azlığı yorğunluğu daha da artırır. Bu səbəbdən belə hallarda mütləq həkim məsləhəti ilə müvafiq dəstək alınmalıdır. Qeyd edilir ki, düzgün həyat tərzi vərdişləri yaz yorğunluğunun təsirlərini əhəmiyyətli dərəcədə azalda və ümumi həyat keyfiyyətini yüksəldə bilər.


 


Mənsumə


Sfera.az