İsveçrənin İslamabadda keçirilən danışıqlardan sonra ABŞ və İran arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlaması diqqət çəkir. Bu kontekstdə Avropa ölkələrinin mümkün rolu da yenidən gündəmə gəlir.




Maraqlıdır, İsveçrə və digər Avropa ölkələri ABŞ və İran arasında vasitəçi rolunda effektiv şəkildə çıxış edə bilərmi?




Politoloq Rizvan Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, dünya üçün uğurlu olan və hamı üçün məqbul olan danışıqlar meydanı hər zaman İsveçrə olub. Onun sözlərinə görə, bütün ciddi danışıqların gedişatı və son nöqtəsi də İsveçrədə olur:




“Çünki, neytral ölkədir. Birinci və İkinci Dünya müharibəsindən sonra prinsipial danışıqlar üçün ən mühüm meydança olub. Ona görə İsveçrəyə ümid böyükdür. Amma danışıqların uğurlu getməsi üçün dünyanın böyük ölkələri öz aralarında sövdələşməlidir".


 





Politoloq qeyd edib ki, sözügedən müharibənin adını boğazlar üzərində müharibə də adlandırmaq olar:




“Hörmüz boğazı ilə yanaşı, Babil-Məndab boğazı, Sakit Okeanda Çin ətrafında olan boğazların üzərində müharibə gedə bilər. Böyük dövlətlər, başda ABŞ olmaqla, yeni dünya düzənində bu boğazlara və onların roluna tam başqa prizmadan baxırlar. Həmin boğazlar üzərində nəzarətə görə bu müharibələr gedir. İran ətrafında, Hörmüz boğazı ətrafında gedən müharibə isə bu böyük müharibənin səhnəsidir. Başqa səhnələr də ola bilər. Bu müharibələrin qarşısını almaq üçün böyük ölkələr sövdələşməlidir. Bilirik ki, İngiltərə kralının aprelin 22-də ABŞ-yə səfəri olacaq. Bundan başqa ABŞ Prezidenti Donald Tramp isə Çinə səfər edəcək. Eyni zamanda Rusiya prezidenti Vladimir Putin də Çin prezidenti Si Cinpin ilə görüşəcək. Bu görüşlər aprelin sonu və mayın əvvəlli bizə göstərəcək ki, gedişat müharibəyə gedir yoxsa, müvəqqəti atəşkəs əldə olunacaq”.


 


Niyaz Hacıyev

Sfera.az