ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən bütün gəmilərin okeana çıxışının qarşısını alacağını bildirib. Trampın bu açıqlaması dünyada böyük narahatlıq yaradıb. Çünki Hörmüzdən təkcə neft daşınmır; buradan dünya iqtisadiyyatı üçün digər önəmli məhsulların da daşındığı qeyd edilir.




Sfera.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Hörmüz boğazında yaranmış gərginlik və ABŞ tərəfindən səsləndirilən mümkün məhdudiyyətlər qlobal ticarət və enerji bazarları üçün ciddi risklər yaradır:


 


"Məlum olduğu kimi, Hörmüz boğazı dünya üzrə ən strateji nəqliyyat marşrutlarından biridir və yalnız xam neft deyil, bir sıra digər mühüm məhsulların daşınmasında da kritik rol oynayır".


 




Onun sözlərinə görə, bu marşrut vasitəsilə beynəlxalq bazarlara böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsulları, maye qaz (LPG), alüminium və digər sənaye metalları, eləcə də kənd təsərrüfatı üçün gübrələr daşınır:




"Hörmüz boğazında daşımaların məhdudlaşdırılması və ya dayanması enerji daşıyıcılarının qiymətlərində kəskin artıma, kimya və plastik sənayesində xərclərin yüksəlməsinə, gübrə qiymətlərinin artması fonunda ərzaq inflyasiyasının güclənməsinə, həmçinin logistika və sığorta xərclərinin artması nəticəsində ümumi ticarət qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Belə bir ssenari yalnız regional deyil, qlobal inflyasiya təzyiqlərinin artmasına və iqtisadi sabitliyin zəifləməsinə gətirib çıxara bilər.

Mövcud vəziyyət fonunda bazar iştirakçılarının və dövlətlərin alternativ marşrutların tapılması, risklərin idarə olunması və strateji ehtiyatların gücləndirilməsi istiqamətində tədbirlər görməsi xüsusi əhəmiyyət kəsb edir. Hörmüz boğazında mümkün məhdudiyyətlər dünya iqtisadiyyatına çoxşaxəli təsir göstərərək enerji, sənaye və ərzaq bazarlarında genişmiqyaslı qiymət artımlarına yol aça bilər”.




Firuzə Əliyeva

Sfera.az