Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrinin Avropa İttifaqının dağılmasını sürətləndirə biləcəyini iddia edib.


 


Qeyd edək ki, keçirilən son parlament seçkiləri gözlənilməz nəticə ilə başa çatıb. 16 ildir hakimiyyətdə olan Viktor Orban və onun rəhbərlik etdiyi "Fides" partiyası ciddi məğlubiyyətə uğrayıb.


 


Yeni lider Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisza" partiyası böyük üstünlüklə qalib gəlib. İlkin nəticələrə görə, "Tisza" parlamentdəki 199 yerdən 138-ni qazanaraq konstitusiya çoxluğunu təmin edib. Viktor Orban da məğlubiyyətini etiraf edərək nəticələri "ağrılı, lakin aydın" adlandırıb və müxalifətdə fəaliyyət göstərəcəklərini bildirib.


 


Maraqlıdır, Krill Dmitriyevin iddiası nə dərəcədə realdır? Həqiqətən də Aİ-nin sonu yaxınlaşır?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Zeynal Əmrəliyevin sözlərinə əsasən, bu, nəinki Avropa İttifaqının dağılmasını sürətləndirə bilər, hətta əksinə, Avropa İttifaqını daha da gücləndirəcək:


 



 


“Çünki məlum olduğu kimi, Viktor Orban müəyyən qədər Avropa İttifaqından kənar siyasət yürüdən bir siyasətçi idi. Yəni o, ittifaqın ümumi tələblərinə tabe olan bir siyasətçi deyildi və Brüssel ilə Budapeşt arasında bununla bağlı kifayət qədər problemlər yaşanırdı. İndi onun parlament seçkilərində məğlub olmasından sonra Avropa İttifaqının Macarıstanla daha çox dil tapacağını güman edirəm. Belə ki, seçkilərdə qalib gələn TİSA partiyası Avropa meyilli bir partiyadır, yəni ittifaqın təməl prinsiplərini qəbul edən bir təşkilatdır və bu da Avropa İttifaqına daha çox kömək edəcək ki, Ukrayna məsələsində real addımlar atsın”.


 


Ekspertin sözlərinə görə, Orbanın hakimiyyətdən getməsi Ukraynanın da xeyrinə olacaq:


 


“Çünki bu günə qədər Ukrayna ilə bağlı qəbul edilən qərarlar məhz Macarıstanın vetosu üzündən həyata keçirilə bilmirdi. Ortada çox geniş əhəmiyyətli bir layihə var idi, Ukraynaya dəstək layihəsi. Bax, bu layihənin həyata keçirilməsi üçün artıq demək olar ki, əsas maneə aradan qalxıb. Və düşünürəm ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyevin açıqlaması bir qədər absurddur. Yəni Avropa İttifaqının dağılmasını sürətləndirmək əvəzinə, əksinə, onun daha da güclənməsinə zəmin yarada bilər. Bu, ilk növbədə, gələcəkdə Budapeşt və Brüssel arasında növbəti formatlarda yeni razılaşmaların şahidi olacağımız anlamına gəlir. Artıq Macarıstan daha sürətli inteqrasiya olunacaq. Əlbəttə ki, Viktor Orban Rusiyaya sərf edən bir siyasətçi idi və Rusiyanın Avropada əsas dayaqlarından biri hesab olunurdu. O, Rusiyanın mənafelərinin Avropada təmin olunması üçün hər zaman əlindən gələni edib. Ancaq bütün bunlara rəğmən, bu seçkilərdə onun məğlub olması Rusiyada, əlbəttə ki, ciddi məyusluq yaradıb”.


 


Bəsti Rəfizadə


Sfera.az