Uqanda prezidentinin oğlu, xüsusi təyinatlı qüvvələrin komandanı general Muhozi Kaineruqaba Türkiyəyə qarşı sərt və qeyri-adi tələblərlə çıxış edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, Türkiyədən 1 milyard dollar və “ölkənin ən gözəl qadınını” həyat yoldaşı kimi tələb edib.
General bu tələblərin yerinə yetirilməyəcəyi halda diplomatik münasibətlərin kəsiləcəyi ilə hədələyib.
O, həmçinin Ankaraya 30 gün vaxt verdiyini bildirib və əks halda Türkiyə səfirliyinin bağlanacağını, “Turkish Airlines” üçün hava məkanının qapadılacağını qeyd edib.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Bu cür bəyanatlar real dövlət siyasəti kimi qiymətləndirilə bilərmi, yoxsa şəxsi PR və ya qeyri-rəsmi ritorikadır? Türkiyə-Uqanda münasibətlərinə təsiri ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən polutoloq Oqtay Qasımov bildirib ki, Uqanda prezidentinin oğlunun bu açıqlaması qeyri-adi və qeyri-ciddidir.
O qeyd edib ki, Uqanda kimi dövlətlər "banan" ölkələri hesab olunur:
"Uqandanın özünün bir müddət öncə İrana qarşı da bu cür qeyri-ciddi bəyanatını eşitdik. Uqanda ordusunun generalı bəyan etmişdi ki, guya onlar bir neçə günə Tehrana qədər gedə bilərlər. Bu, qeyri-ciddi, dövlət ənənəsi olmayan, qeyri-adekvat şəxslərin hakimiyyətdə olmasının bir nümunəsidir. Bunun əsas səbəbi ABŞ-nin Uqanda üzərindəki təsirləri ilə bağlıdır. Uqanda İsrailin çox ciddi təsiri və nəzarəti altında olan ölkələrdən biridir. Orada hakimiyyət ciddi şəkildə İsraillə əlaqələrə malikdir".
Politoloq nəzərə çatdırıb ki, bu cür bəyanatların verilməsinin də əsas səbəbi Türkiyə və İsrail arasındakı hazırkı soyuq münasibətlərdir. Bu açıqlamanın münasibətlərə hansısa təsirinin olacağı gözlənilmir.
Firuzə Əliyeva
Sfera.az