“Titanik” faciəsindən 114 il ötməsinə baxmayaraq, tarixin ən böyük dəniz qəzasının gizli qalan detalları hələ də maraq doğurur. Dünyanın ən nəhəng gəmisinin batmasına səbəb olan o məşhur aysberqin aqibəti isə illərdir müzakirə mövzusudur.


 


Sfera.az xəbər verir ki, britaniyalı alimlərin apardığı hesablamalar dəhşətli rəqəmləri ortaya qoyub. Məlum olub ki, 14 aprel 1912-ci ildə gəminin toqquşduğu buz kütləsi Qrenlandiya mənşəli olub və Labrador cərəyanı ilə cənuba doğru sürüşüb. Bu aysberqin ən azı 100 min yaşı olduğu və çəkisinin 1,5 milyon ton təşkil etdiyi bildirilib. Maraqlıdır ki, “Titanik”in sonunu gətirən həmin buz dağının fotosu da mövcuddur.


 


Faciədən cəmi iki gün əvvəl başqa bir gəminin ekipajı tərəfindən çəkilən bu nadir görüntünün hərracda 8-10 min dollar civarında satışa çıxarılması nəzərdə tutulub. Toqquşmadan sonra bir çoxları həmin nəhəng kütlənin taleyi ilə maraqlanırdı. Lakin faktlar göstərib ki, təbiətin qanunları heç bir "qatilə" güzəştə getmir. “Titanik”lə toqquşduqdan sonra yoluna davam edən aysberq daha isti sulara doğru sürüklənib. Tədqiqatçıların gəldiyi qənaətə görə, həmin nəhəng buz kütləsi toqquşmadan cəmi bir neçə həftə sonra tamamilə əriyərək okean sularına qarışıb. Yəni, bu gün tarixin ən böyük faciəsinin səbəbkarı olan o aysberqdən geriyə heç bir parça qalmayıb.


 


Bəsti Rəfizadə


Sfera.az