Vaşinqtonda yerləşən Beynəlxalq Böhran Qrupu beyin mərkəzinin tədqiqatçısı Əhməd Nağının sözlərinə görə, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı İran ABŞ-nin dəniz blokadasının nəticələrindən əziyyət çəkərsə, Bab əl-Məndəb boğazını bağlaya bilər. Səudiyyə Ərəbistanı da bildirib ki, əgər həmin boğaz bağlanarsa hərbi müdaxilə edəcək.
Bəs görəsən, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (Husi) hərəkatının Bab əl-Məndəb boğazını bağlama ehtimalı nə dərəcədə realdır və bu addımın qlobal ticarətə və regiondakı təhlükəsizlik balansına mümkün təsirləri nələr ola bilər?
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, husilərin regional siyasətdəki təsirini son illər daha aydın görmək mümkündür:
“Xüsusilə Yəməndə davam edən münaqişə fonunda onların həm hərbi, həm də siyasi baxımdan müəyyən üstünlüklər əldə etdiyi müşahidə olunur. Bu qrup Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı uzunmüddətli qarşıdurmada dayanıqlılıq nümayiş etdirib və müxtəlif hərbi əməliyyatlara, o cümlədən hava hücumlarına baxmayaraq fəaliyyətini davam etdirə bilib. Bu baxımdan, İranın regiondakı təsir siyasəti çərçivəsində “Ənsarullah” hərəkatının formalaşması və güclənməsi də mühüm məqam kimi qiymətləndirilir. Yəməndə dövlət institutlarının zəifləməsi və siyasi parçalanmanın dərinləşməsi nəticəsində husilər müəyyən ərazilərdə nəzarət imkanlarını genişləndirə bildilər və bu vəziyyətdən strateji şəkildə yararlandılar”.
Politoloq qeyd edib ki, strateji əhəmiyyətə malik olan Bab Əl-Məndab boğazı region və dünya ticarəti üçün kritik nöqtələrdən biridir:
“Bu əraziyə yaxınlığın və ya üzərində təsirin artması beynəlxalq gəmiçilik və enerji daşımaları baxımından ciddi nəticələr doğura bilər. Buna görə də burada baş verən hər hansı gərginlik və ya nəzarət mübarizəsi qlobal ticarət marşrutlarına təsir edən risk faktorlarından biri kimi qiymətləndirilir. Ümumilikdə, husilərin Yəməndəki mövcudluğu və onların strateji ərazilər ətrafında potensial təsir imkanları regiondakı güc balansını daha da mürəkkəbləşdirən amillərdən biri kimi çıxış edir”.
Niyaz Hacıyev
Sfera.az