Son dövrlərdə süni intellekt sistemlərinin xüsusilə də “ChatGPT” kimi platformaların istifadəçilərin sağlamlıqla bağlı narahatlıqlarına təsiri barədə müzakirələr artıb.


 


Bəzi hallarda bu texnologiyanın insanları sakitləşdirmək əvəzinə onların narahatlığını daha da artırdığı bildirilir.


 


Sfera.az xəbər verir ki, İngiltərədən olan 46 yaşlı Corc Mallon adlı istifadəçi qan analizlərində şübhəli nəticələr gördükdən sonra “ChatGPT”dən izah və təsəlli almağa çalışdığını bildirib. Onun sözlərinə görə, sistem ona mümkün ciddi xəstəlik ehtimalları barədə məlumat verib və bu da onda güclü narahatlıq yaradıb. Daha sonra aparılan tibbi müayinələr nəticəsində Mallonda xərçəng aşkar edilməyib. O, yaşadığı vəziyyəti belə təsvir edib: “ChatGPT birdən məni qorxuya və qaranlığa saldı. Cavablarına çaşqınlıqla baxdım”.


 


Bəzi psixoloqlar isə süni intellektdən həddindən artıq asılılığın narahatlıq və davamlı narahatedici düşüncələri gücləndirə biləcəyini bildirirlər. Onların fikrincə, ani və fərdiləşdirilmiş cavablar insanların öz simptomlarını internetdə axtarma vərdişindən daha güclü təsir yarada bilər. Mütəxəssislər həmçinin qeyd edirlər ki, psixi sağlamlıq problemi olan bəzi şəxslərdə süni intellektlə uzunmüddətli dialoqlar reallıq qavrayışına təsir göstərə bilər və bu mövzu üzrə daha geniş araşdırmalara ehtiyac var. Bununla belə süni intellekt texnologiyalarının tibbi sahədə istifadəsi və potensial faydaları da müzakirə olunur. Son dövrlərdə bəzi platformaların istifadəçilərə sağlamlıq məlumatlarını daha asan analiz etməyə imkan verən yeni funksiyalar üzərində işlədiyi bildirilir.


 


Mənsumə


Sfera.az