İran və ABŞ arasında birbaşa danışıqların növbəti mərhələsi cümə axşamı İslamabadda keçiriləcək. Bu barədə "The Atlantic" qəzeti məlumat verib.
Maraqlıdır, bu görüş tərəflər arasında münasibətlərin normallaşmasına real töhfə verə bilərmi? Bu görüşdən hansı konkret nəticələri gözləmək olar? Razılaşma yaxındırmı?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin burda əsas istəyi boğazlara birgə nəzarətin olmasıdır.
Onun sözlərinə görə, İran və ABŞ arasında İslamabadda keçiriləcək növbəti danışıqlar mərhələsi mühüm siqnal xarakteri daşısa da, onu münasibətlərin sürətli normallaşmasının başlanğıcı kimi qiymətləndirmək hələ tezdir:
“Uzun illər davam edən qarşılıqlı etimadsızlıq, sanksiyalar rejimi və regional maraqların toqquşması bu prosesi mürəkkəbləşdirən əsas amillərdir. Bu görüş daha çox tərəflərin mövqelərini dəqiqləşdirməsi, mümkün kompromis nöqtələrini müəyyən etməsi və gələcək danışıqlar üçün zəmin hazırlaması baxımından əhəmiyyətlidir”.
Politoloq qeyd edib ki, qısa müddətdə genişmiqyaslı razılaşmanın əldə olunması ehtimalı aşağıdır:
“Daha real ssenari kimi, tərəflər arasında məhdud və mərhələli razılaşmaların əldə olunması, məsələn, müəyyən sanksiyaların qismən yumşaldılması və ya bəzi texniki öhdəliklərin yerinə yetirilməsi gözlənilə bilər. Ümumilikdə, bu görüşü dönüş nöqtəsi deyil, daha çox uzun və mürəkkəb diplomatik prosesin növbəti mərhələsi kimi qiymətləndirmək daha doğru olar”.
Niyaz Hacıyev
Sfera.az