Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın günlərdə İstanbulda keçiriləcək beynəlxalq tədbir çərçivəsində Azərbaycan parlamentinin nümayəndəsi ilə görüşəcəyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, jurnalistlərə danışan Simonyan bildirib ki, tədbir çərçivəsində həm Azərbaycan (Sahibə Qafarova - red.), həm də Gürcüstandan (Şalva Papuaşvili - red.) olan həmkarları ilə ünsiyyət planlaşdırılır. 


 


Onun sözlərinə görə, bu görüşlər rəsmi formatdan daha çox qeyri-rəsmi xarakter daşıyacaq.


 


Simonyan eyni zamanda qeyd edib ki, o, aprelin 7-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb. Parlament spikeri bildirib ki, sözügedən danışıq əsasən şəxsi xarakter daşıyıb və Matviyenkonun ad günü münasibətilə baş tutub:


 


“Biz həmişə açıq, birbaşa və qarşılıqlı hörmət mühitində danışırıq. Bu dəfəki söhbət də əsasən şəxsi idi. Bir neçə günə İstanbula səfər edəcəyəm, o da orada olacaq. Düşünürəm ki, orada da ünsiyyətimiz olacaq, lakin bu, rəsmi görüş deyil”.


 


Qeyd edək ki, Ermənistan parlamentinin yaydığı məlumata görə, telefon danışığı zamanı tərəflər parlamentlərarası əlaqələr və ikitərəfli gündəliyə dair bəzi məsələləri də müzakirə ediblər. Simonyan rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.


 




Firuzə Əliyeva

Sfera.az