2026-cı ilin may ayında səmada nadir astronomik hadisə müşahidə olunacaq — iki dolunay baş verəcək.


 


Sfera.az xəbər verir ki, bu barədə astronom Aleksandr Alekseyev bildirib. O, RIA Novosti-yə açıqlamasında qeyd edib ki, may ayı bu baxımdan maraqlıdır.


 


“2026-cı ilin may ayı onunla diqqət çəkir ki, həmin ayda iki dolunay — 1 və 31 may tarixlərində baş verəcək. Bu nadir hadisədir və bir neçə ildən bir müşahidə olunur”, — deyə astronom vurğulayıb.


 


Alekseyev əlavə edib ki, bir ayda iki dolunayın olması Ay təqviminin öyrənilməsi üçün yaxşı fürsət yaradır. Onun sözlərinə görə, Ay aylarının sayı ilin günləri ilə üst-üstə düşmür və bu da bəzi bayramların tarixlərinin dəyişməsinə səbəb olur.


 


Astronom nümunə kimi Pasxa bayramını göstərib. Bildirib ki, Pasxa yaz gecə-gündüz bərabərliyindən sonra baş verən ilk dolunaydan sonrakı ilk bazar günü qeyd olunur.


 


Qeyd edək ki, bundan əvvəl Qara dəniz üzərində, Türkiyə sahillərində nadir atmosfer hadisəsi — rulonvari bulud müşahidə edilib. Bu hadisə müxtəlif temperatur və rütubətə malik hava kütlələrinin kəskin qarşılıqlı təsiri nəticəsində yaranır.


 


Fidan Hacızadə


Sfera.az