ABŞ və İran arasında atəşkəs qeyri-müəyyənliyi davam edərkən, rəsmi Moskvadan tərəflərə nüvə münaqişəsini həll etmək üçün yeni çağırış gəlib.
Kremlin mətbuat katibi Dmitri Peskov, tərəflərin razılığı olacağı təqdirdə, İrana məxsus zənginləşdirilmiş uranı saxlamaqla bağlı təklifin hələ də masada olduğunu bəyan edib. Dmitri Peskov bildirib ki, bu təklif şəxsən Prezident Vladimir Putin tərəfindən həm ABŞ-yə, həm də region ölkələrinə çatdırılıb. Lakin indiyədək bu istiqamətdə heç bir konkret addım atılmayıb.
Maraqlıdır ki, nəyə görə Rusiya uranın saxlanmasını öz öhdəsinə götürməkdə bu qədər israrlıdır? Bu, sadəcə sülhməramlı təşəbbüsdür, yoxsa Moskvanın İranın nüvə proqramı üzərində birbaşa hüquq əldə etmək cəhdidir? Vaşinqton üçün bu təklifin qəbulu Rusiyanın regionda nüfuzunun artması deməkdir?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Xəqani Cəfərlinin sözlərinə əsasən, Rusiya tərəfindən bu addım bir neçə ay öncə də irəli sürülmüşdü, amma Vaşinqton razılaşmadı, çünki bu zaman Moskvanın regionda mövqeyi güclənə bilərdi:
“Məlum olduğu kimi Ukraynaya qarşı cinayətkar müharibəyə görə Rusiya beynəlxalq münasibətlərdən və qlobal iqtisadiyyatdan önəmli dərəcədə təcrid edilib. İndi Rusiya İran ətrafında yaranmış gərginlikdən sui-istifadə edərək beynəlxalq münasibətlərdə iştirakını artırır. İranın zənginləşdirilmiş uranını saxlamaq məqsədilə Rusiyaya verilməsi təklifi də buna xidmət edir. Avropa və ABŞ-də baş verənlər Rusiyanın bu təklifinin gerçəkləşmə ehtimalı daha da azaldıb. Rusiyanın İran ətrafındakı gərginlikdən yararlanmaq cəhdi onun regionda, xüsusilə Yaxın Şərq regionunda mövqeyini daha da zəiflədə bilər. Aparıcı Körfəz ölkələri də Rusiyanın İranı xilas etmək təşəbbüslərini narahatlıqla izləyirlər. Bütün bunlar nəticəsində, Rusiyanın prosesdən yararlanaraq regionda nüfuzunu artıracağı mümkün görünmür”.
Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlunun fikrincə, Moskvanın bu təklifinin arxasında nüvə danışıqlarında mərkəzi oyunçu olmaq istəyi dayanıb:
“Çünki Rusiya bu addımla özünü yalnız vasitəçi deyil, praktiki icraedici tərəf kimi təqdim edir. Bu da o anlama gəlir ki, Rusiya üçün uranın saxlanması texniki olaraq nüvə proqramının ən həssas hissəsinə nəzarəti deməkdir. Eyni zamanda Rusiya burada Qərbin təsirini balanslaşdırmağa çalışır. Əgər İranın zənginləşdirilmiş uranı Rusiyada saxlanılarsa, bu, ABŞ və onun müttəfiqlərinin prosesə birbaşa təsir imkanlarını azalda bilər. Digər bir labüd məsələ isə kreml üçün regional və qlobal nüfuzun artırılmasıdır. Rusiya özünü Yaxın Şərqdə təhlükəsizlik təminatçısı kimi möhkəmləndirmək istəyir. Mənə görə bu, xüsusilə Ukrayna müharibəsi fonunda Kreml üçün əlavə diplomatik dividenddir.
Sual edə bilərsiz ki, Vaşinqton üçün bu təklifin qəbulu nə deməkdir? Məncə ABŞ üçün bu ssenari olduqca həssasdır. Əvvəla qeyd etdiyim kimi belə olarsa, Rusiyanın regionda rolunun artması qaçılmaz ola bilər və nəticədə ABŞ-nin Yaxın Şərqdəki təsiri nisbi zəifləyə də bilər. Ən başlıca risk də prosesin bir hissəsinin Moskvaya “outsourcing” edilməsidir. Burada ABŞ-nin birbaşa nəzarət imkanları azalır”.
Bəsti Rəfizadə
Sfera.az