Avropada siyasi dinamikanın dəyişdiyi bir dövrdə Macarıstanda keçirilən parlament seçkilərinin nəticələri xüsusi diqqət mərkəzinə çevrilib. Son illərdə həm Avropa İttifaqı daxilində mübahisəli mövqeyi, həm də Rusiya ilə münasibətlərdə fərqli xətt yürütməsi ilə seçilən rəsmi Budapeştdə mümkün hakimiyyət dəyişikliyi regionun geosiyasi balansına da təsirsiz ötüşməyə bilər.


 


Belə ki, bazar günü keçirilən seçkilərdə uzun illər ölkəyə rəhbərlik edən Viktor Orbánın rəhbərlik etdiyi siyasi qüvvənin məğlub olduğu, “Tisa” partiyasından Peter Magyarın isə qalib gəldiyi bildirilir. Orban hakimiyyəti dövründə Macarıstanın Avropa İttifaqı daxilində tez-tez fərqli mövqe sərgiləməsi, xüsusilə də Ukraynaya dəstək məsələsində bloklayıcı addımları ilə yadda qalmışdı. Bu səbəbdən yeni siyasi mərhələnin ölkənin xarici siyasət kursunda hansı dəyişikliklərə yol aça biləcəyi əsas müzakirə mövzusuna çevrilib.


 


Bundan sonra Macarıstanın siyasətində hər hansı dəyişiklik olacaqmı? Macarıstanın türk dövlətləri təşkilatında fəaliyyəti məhdudlaşa bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Macarıstanda seçkilərdə hakimiyyət dəyişikliyi ilə bağlı iddialar fonunda əsas sual ölkənin xarici siyasət kursunun necə dəyişəcəyidir. 


 


Onun sözlərinə görə, əgər həqiqətən də Viktor Orbanın rəhbərlik etdiyi siyasi xətt zəifləyər və yeni siyasi fiqur kimi Peter Magyar önə çıxarsa, ilk növbədə Budapeştin Avropa İttifaqı ilə münasibətlərində yumşalma müşahidə oluna bilər:


 



“Orban dövründə Macarıstan daha çox balanslaşdırıcı və bəzən bloklayıcı rol oynayırdısa, yeni hakimiyyət ittifaq daxilində konsensus yönümlü siyasətə üstünlük verə bilər. Bu isə Ukraynaya dəstək məsələsində daha açıq mövqe, Rusiyaya münasibətdə isə daha sərt ritorika ilə müşayiət oluna bilər”.


 


Macarıstan Türk Dövlətləri Təşkilatına da üzvdür. Politoloq yeni iqtidarın dövründə Macarıstanın türk respublikaları ilə münasibətlərini dəyişəcəyinə inanmır:


 


"Türk Dövlətləri Təşkilatındakı fəaliyyətə gəldikdə isə, burada kəskin geriləmə ehtimalı nisbətən zəifdir. Macarıstan bu platformada coğrafi deyil, daha çox siyasi və mədəni yaxınlıq üzərindən iştirak edir və bu xətt təkcə bir liderlə bağlı deyil. Lakin prioritetlərin dəyişməsi mümkündür. Yeni hakimiyyət Avropa İttifaqı ilə münasibətləri gücləndirməyə daha çox fokuslanarsa, Türk Dövlətləri Təşkilatı çərçivəsində aktivlik əvvəlki dinamikanı qismən itirə bilər. Buna baxmayaraq, Macarıstanın bu təşkilatdan uzaqlaşması deyil, sadəcə daha praqmatik və məhdud iştirak modeli seçməsi daha real görünür".




Firuzə Əliyeva

Sfera.az