Kəskin respirator virus infeksiyaları fonunda əhali arasında yeni bir tendensiya geniş yayılmağa başlayıb. Xüsusilə sosial şəbəkələrdə və qeyri-rəsmi məsləhətlərdə tibb bacılarının göstərişi ilə ev şəraitində damardaxili müxtəlif dərman və vitamin qarışıqlarının köçürülməsi halları artıb.
Bu üsul bir çox hallarda immuniteti tez qaldıran, orqanizmi sürətlə bərpa edən vasitə kimi təqdim olunur. Bu nə dərəcədə doğrudur? İnsanlar bu kimi hallarda hansı məqamlara diqqət etməlidir?
Sfera.az-a bu barədə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib ki, artıq koronavirus, yəni pandemiya göstərdi ki, biz həmişə ehtiyatlı olmalıyıq:
“Yəni koronavirus artıq bizim həyatımızda var. Keçən əsrin 60-cı illərindən o, soyuqdəymə xəstəlikləri törədir və onun bir növü də pandemiya yaratdı. Koronavirus hər il var və hər il də soyuqdəymə xəstəlikləri yaradır. Bununla yanaşı, qrip və digər infeksiyalar-respirator sinsitial virus, metapnevmovirus, paraviruslar və sair çoxsaylı viruslar var ki, bunlar yuxarı tənəffüs yollarının iltihabını törədir. Buna görə də bu situasiyaya diqqət etmək lazımdır və insanlar özbaşına müalicə ilə məşğul olmamalıdırlar. Xüsusilə antibiotiklərin özbaşına istifadəsi düzgün deyil; antibiotik virusa təsir etmir. Antibiotik yalnız ağırlaşmalar olduqda, yəni bakterial infeksiya qoşulduqda həkim tərəfindən təyin edilə bilər. Apteklərdən antibiotik alıb özbaşına istifadə etmək bəzən ev şəraitində ağır nəticələrə gətirib çıxarır. Təəssüf ki, insanlar bəzən bunun fərqində olmurlar. Ev şəraitində antibiotik istifadəsi nəticəsində anafilaktik reaksiyalar, şok və hətta ölüm halları qeydə alınır”.
A.Qeybullanın sözlərinə görə, bu cür hallarda, kəskin virus infeksiyaları zamanı insanlara məsləhət görülür ki, yataq rejimində olsunlar:
“Üç-dörd gün, ən azı beş gün sağalana qədər həkim nəzarəti altında bol maye qəbul etsinlər və simptomatik müalicə alsınlar. Məsələn, hərarət 38,5°C-dən yuxarı qalxarsa, onu salmaq, ağrılar olarsa ağrıkəsicilər, məsələn, parasetamol qəbul etmək və s. Amma qalan özbaşına sistem qoymaq və sair qətiyyən məqsədəuyğun deyil və onların heç bir effekti yoxdur. Əksinə, bu hallarda təmiz havada olmaq, otağın havasını tez-tez dəyişmək, vitaminli qidalar qəbul etmək və fiziki aktivliyi artırmaq məsləhətdir”.
Fidan Hacızadə
Sfera.az