ABŞ və İran arasındakı geosiyasi gərginliyin artması dünya maliyyə bazarlarında, xüsusən də "təhlükəsiz liman" sayılan qiymətli metallar sektorunda həmişə ciddi dalğalanmalara səbəb olur.


 


Bu mövzu həm investorlar, həm də iqtisadi analitiklər üçün ən həssas nöqtələrdən biridir. Xüsusilə İslamabadda baş tutan görüşlərin nəticəsiz qalması və münaqişənin daha da kəskinləşməsi fonunda bir sıra suallara meydana çıxıb.


 


ABŞ və İran münasibətlərinin kəskinləşməsi fonunda yaranan geosiyasi risklər qızıl və gümüşün dünya bazarındakı qiymətinə necə təsir göstərəcək?


 


Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, hər zaman olduğu kimi, bu dəfə də müharibə kəskin fazaya keçdiyi təqdirdə qızıl və gümüşün qiymətində dalğalanmalar olacaq:


 



 


“Belə kataklizmlər hər zaman insanları, dövlətləri öz sərvətlərin daha etibarlı üsullardan istifadə edərək saxlamağı tələb edib. Mövcud geosiyasi gərginlik investor davranışını dəyişdirərək riskdən qaçış meylini gücləndirir. Belə şəraitdə qızıl ənənəvi olaraq “təhlükəsiz liman” funksiyasını yerinə yetirdiyi üçün ona tələbat artır və qiymətlərdə yüksəliş müşahidə olunur. Qısa müddətdə qeyri-müəyyənliyin artması fonunda qızılın bahalaşması ehtimalı daha yüksəkdir”.


 


Ekspert qızılın bahalaşması fonunda gümüşün daha zəif artım göstərəcəyini vurğulayıb:


 


“ABŞ və İran gərginliyi nəticəsində enerji bazarlarında baş verən dəyişikliklər, xüsusilə neft qiymətlərinin artımı inflyasiya təzyiqlərini gücləndirir. Bu isə aparıcı mərkəzi bankların faiz siyasətinə təsir göstərərək qızıl bazarında əlavə dalğalanmalar yaradır. Yüksək faiz dərəcələri isə öz növbəsində qızılın cəlbediciliyini müəyyən qədər azalda bilər. Gümüş bazarı isə biraz fərqli dinamika nümayiş etdirir. Həm qiymətli metal, həm də sənaye xammalı kimi çıxış edən gümüş iqtisadi aktivlikdən birbaşa asılıdır. Bu səbəbdən geosiyasi risklər fonunda qızıl bahalaşdığı halda, gümüş ya daha zəif artım göstərir, ya da ümumilikdə təzyiq altında qalır. Ümumi fonda desək, mövcud vəziyyət göstərir ki, qızıl daha sabit və qoruyucu aktiv olaraq ön plana çıxır, gümüş isə daha riskli və dəyişkən alət kimi qalır. Yaxın dövrdə bazarların istiqaməti yalnız geosiyasi proseslərdən deyil, eyni zamanda inflyasiya, faiz dərəcələri və enerji qiymətlərinin dinamikasından asılı olacaq”.


 


Bəsti Rəfizadə


Sfera.az