Livan və İsrail səfirlərinin 14 apreldə Vaşinqtonda keçiriləcək görüşü birbaşa ikitərəfli əlaqələrə yol açacaq və sərhəddə atəşkəs elan edən yeni bir razılaşmaya gətirib çıxaracaq. Bu barədə Prezident Cozef Aun Baabda Sarayında İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşdən sonra bildirib.
Maraqlıdır, Livan Prezidenti Cozef Aunun açıqladığı kimi, 14 apreldə Vaşinqtonda Livan və İsrail nümayəndələri arasında keçiriləcək görüşün atəşkəsin əldə olunmasına və birbaşa əlaqələrin qurulmasına gətirib çıxarması nə dərəcədə realdır?
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, görüşün nəticəsinin İsrail ilə Livan arasında mövcud olan problemə ciddi təsir edəcəyi gözlənilmir:
“Çünki İsrail üçün əsas təhlükə yalnız Livanla münasibətlər deyil, daha çox İran hakimiyyəti və onun Yaxın Şərqdə fəaliyyət göstərən proksi qüvvələridir. Müxtəlif dövlətlərlə bu və ya digər formada sazişlərin imzalanması mümkündür və bu, diplomatik proseslərin bir hissəsi kimi davam edir. Lakin qeyd etmək lazımdır ki, Livanla bundan əvvəl də müəyyən razılaşmalar əldə olunub və bu sənədlər regiondakı gərginliyi tam aradan qaldırmağa yetməyib”.
Politoloq qeyd edib ki, məsələnin digər mühüm tərəfi isə razılaşmanın əldə olunmasıdır:
“Livan hökumətindən daha çox bu ölkədə fəaliyyət göstərən silahlı və siyasi qruplar, o cümlədən "Hizbullah" İsraillə ortaq mövqeyə gəlsin və real razılaşma əldə olunsun. Bu səbəbdən yaxın günlərdə aparılan danışıqlarda əsas müzakirə mövzularından biri məhz bu olacaq. Bununla belə, problemin köklü şəkildə həll edilməsi üçün təkcə İsrail-Livan xəttində deyil, eyni zamanda ABŞ ilə İran arasında da genişmiqyaslı razılığın əldə olunması vacib şərt kimi qiymətləndirilir”.
Niyaz Hacıyev
Sfera.az