Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Komissiyası İspaniyanın "Barselona" klubunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko Madrid"ə qarşı ilk oyunda hakimliklə bağlı etdiyi şikayəti qəbuledilməz hesab edib.
Sfera.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl "Barselona"nın matçda hakimlərin zəif idarəçiliyi ilə bağlı UEFA-ya müraciət etdiyi bildirilmişdi.
Sözügedən qarşılaşmada Kataloniya təmsilçisi rəqibinə 0:2 hesabı ilə məğlub olub.
"Barselona" xüsusilə ikinci hissədə "Atletiko Madrid"in müdafiəçisi Mark Pubilin əllə oynadığı epizodda penalti təyin edilməməsindən narazı qalıb. Klub bu qərarın oyunun nəticəsinə birbaşa təsir etdiyini iddia edib.
UEFA-nın açıqlamasında qeyd olunub ki, 8 aprel 2026-cı ildə keçirilən oyundan sonra təqdim olunan etiraz 13 aprel tarixində Nəzarət, Etika və İntizam Orqanı tərəfindən qəbuledilməz sayılıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bu gün Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Niyaz Hacıyev
Sfera.az