Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ və İran arasında qarşıdurmanın gedişi ilə bağlı ziddiyyətli açıqlamalar verilməkdədir. Rəsmi Vaşinqtonun son bəyanatında müharibə fonunda əsas məqsədlərinə nail olunduğu bildirilsə də, regionda hərbi-siyasi gərginliyin səngiməməsi bu iddiaların nə dərəcədə reallığı əks etdirdiyini sual altına alır. Xüsusilə də enerji marşrutları, nüvə proqramı və strateji boğazlar üzərində davam edən mübahisələr tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir.




Belə bir açıqlamanı ABŞ-nin vitse-prezidenti səsləndirib. Bəs doğrudanmı ABŞ İranda istədiyinə nail olub? Əgər belədirsə, niyə münaqişə hələ də davam edir?




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Əli Mustafa bildirib ki, bu bəyanatlar müharibənin dayandırılması üçün zəmin hazırlığı və ya psixoloji təzyiq kimi qiymətləndirilə bilər.




Onun sözlərinə görə, normalda ABŞ güclü tərəf olsa da, İran da bu müddət ərzində cavab verib:


 





“Bütövlükdə ABŞ İrana daha çox zərər vurub. İrandakı uran ehtiyatlarının ondan alınması və digər məsələlərlə bağlı hələlik yekun nəticə yoxdur. Hörmüz boğazı və nüvə proqramı ilə bağlı razılığa gələ bilmirlər. Hər halda, danışıqlar da, müharibə də bitməyib. Ona görə də hansısa tərəfin tam qələbəsindən danışmaq düzgün deyil”.




Ə. Mustafa qeyd edib ki, İranın danışıqlardan sonra nüvə proqramından imtina etməsi gözlənilir:




“Rusiya tərəfi təklif edib ki, uranı saxlaya bilərlər. ABŞ-nin blokadası da başlayıb. Bunun nə qədər səmərəli olacağını zaman göstərəcək. Müharibənin hələ də bitməməsinin səbəbi odur ki, ABŞ öz istəklərinə tam nail ola bilməyib”.


 


Firuzə Əliyeva

Sfera.az