Ceff Bezosun sahibi olduğu "Blue Origin" kosmik şirkəti tərəfindən hazırlanan "Air Pioneer" reaktoru Ayda qalıcı insan məskənlərinin salınması yolunda inqilabi uğura imza atıb.


 


Sfera.az bildirir ki, şirkət Ay tozundan (reqolit) tənəffüs üçün yararlı olan oksigen əldə etməyi bacarıb. Dünyada bir ilk olan bu inkişaf, Ayın təbii resurslarından yerindəcə istifadə edilməsi (ISRU) baxımından yeni bir dövrün başlanğıcı hesab olunur. Əvvəllər yalnız laboratoriya mühitində sınaqdan keçirilən nəhəng sistemlərdən fərqli olaraq, "Air Pioneer" reaktoru Aya göndərilə biləcək qədər yığcam və uçuşa hazır vəziyyətdə dizayn edilib. Qeyd edək ki, Ay səthini örtən reqolit təbəqəsinin təxminən yarısı dəmir və titan kimi metallara bağlı oksigendən ibarətdir.


 


Mütəxəssislərin verdiyi məlumata görə, Ay tozu 1600 dərəcə selsiyə qədər qızdırılaraq əridilir. Əridilmiş kütlədən sabit cərəyan keçirilir (elektroliz üsulu). Oksigen ionları metallardan ayrılaraq həm kosmonavtlar üçün hava, həm də raketlər üçün yanacaq komponentinə çevrilir. NASA-nın Ayda uzunmüddətli kəşfiyyat proqramı çərçivəsində 35 milyon dollar maliyyə ayırdığı bu layihə, Yer kürəsindən kosmosa oksigen daşımağın nəhəng xərclərini və risklərini aradan qaldırmağı hədəfləyib. Sistemin 2028-ci ildə reallaşacaq "Artemis IV" missiyası ilə Ayda özünü təmin edən bazanın yaradılmasında mühüm rol oynayacağı gözlənilir. Bu reaktor çoxşaxəli fəaliyyəti ilə diqqət çəkib.


 


Belə ki, emal prosesindən sonra geridə qalan dəmir, alüminium və silikon kimi əlavə məhsullar Ayda infrastruktur quruculuğunda və elektronika istehsalında istifadə olunacaq. Hətta sistemin pəncərələr və günəş panelləri üçün şüşə istehsal etmək qabiliyyəti də var. Sistemin işləməsi üçün təxminən 1 meqavat (400-1000 evin istehlakına bərabər) enerji tələb olunur. Bu böyük enerji tələbatının Ay səthinə quraşdırılacaq geniş günəş paneli tarlaları vasitəsilə ödənilməsi planlaşdırılıb.


 


Bəsti Rəfizadə


Sfera.az