2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 azalma qeydə alınıb.
Sfera.az rəsmi statistik məlumatlara istinadən bildirir ki, cari ilin birinci rübündə 29 milyard 703 milyon manatlıq məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalsa da qeyri neft-qaz sektorunda istehsal 0,2 faiz artıb. Neft-qaz sektorunda əlavə dəyərin azalması son illərdə müntəzəm müşahidə edilən haldır. Bunun əsas səbəbi ölkəmizdə əmtəəlik neft istehsalının tədricən azalmasıdır. Son illərdə təbii qaz istehsalında artım dinamikası baş versə də buradakı artım neft istehsalındakı azalmanın yaratdığı boşluğu doldura bilmir. Buna görə də son illərdə ümumən neft-qaz sektorunda yaradılan əlavə dəyərin kiçilməsi qeydə alınır.
Amma qeyri neft-qaz serktorunda cüzi artımın qeydə alınması nadir müşahidə edilən hallardan biridir. Adətən qeyri neft-qaz sektorunda hər il bir neçə faiz bəndi artım müşahidə edilirdi. Lakin 2026-cı ilin ilk rübündə bu sektorda artım sürətinin sıfıra yaxınlaşması görünüb.
Bəs bunun səbəbi nədir? Yəni, hansı faktorlar qeyri neft-qaz sektorunda böyümə sürətini azaldıb və bu zəifləmə öz növbəsində ümumən iqtisadi artım sürətini mənfi məcraya yönəldib?
Sahələr üzrə dinamikanı izlədikdə aydın olur ki, bu il qeyri neft-qaz sektorunda artım sürətini tormozlayan əsas faktor tikinti sahəsidir. Tikinti sahəsində ilin əvvəlindən geriləmə baş verir və bu proses birinci rübün yekununda ən yüksək həddə çatıb. 2025-ci ildə də tikintidə əlavə dəyərdə geriləmə olmuşdu. Ötən ilin birinci rübündə tikinti sahəsində istehsal 3,8 faiz azalmışdı. Amma bu il vəziyyət daha da kəskinləşib. 2026-cı ilin yanvarında tikintidə yaradılan əlavə dəyər 15,9 faiz azaldığı halda, azalma yanvar-fevralda 16,3 faizə, birinci rübün sonunda 19,8 faizə yüksəlib.
ÜDM istehsalında tikinti sektorunun payı 4 faiz olsa da, burada 20 faizə yaxın geriləmənin baş verməsi qeyri neft-qaz sektorunun artım sürətinə mənfi təsir edib. Qeyri neft-qaz sektorunda artım sürətini zəiflədən digər mühüm dəyişiklik digər xidmət sahələri (sosial, inzibati və s. xidmətlər) adlanan bölmədə yaradılan əlavə dəyərin artım sürətinin 0,3 faiz artmasıdır. Digər xidmətlər sahəsinin ÜDM istehsalında olan payı 24-25 faizdir. Buna görə də burada baş verən dəyişiklər ümumən iqtisadi artıma daha güclü təsir edir. Birinci rübün nəticəsi göstərir ki, digər xidmətlər sahəsində artım sürəti zəifləyir. Yanvar-fevralda burada 0,8 faiz artım olduğu halda, rübün sonunda 0,3 faiz artım olub.
Qeyri neft-qaz sektorunda artım sürətini zəiflədən digər sahə nəqliyyat və anbar təsərrüfatıdır. Bu sahənin ÜDM istehsalında payı 7 faizdən çoxdur. Burada birinci rübdə 1,7 faizlik artım müşahidə olunub ki, bu da yanvar-fevraldakı 2,6 faizlik göstəricidən xeyli azdır. Son bir neçə ildə kənd təsərrüfatında artım sürətinin zəifləməsi də ÜDM istehsalının artım sürətini zəiflədir. Bu ilin yanvar-fevralında aqrar sahədə 1,2 faizlik artım sürəti rübün sonunda bir qədər də geriləyərək 1,1 faizə enib. Beləliklə, adıçəkilən sahələrdə zəifləmələrin olması qeyri neft-qaz sahəsində zəifləməyə səbəb olub ki, bu da yekunda ÜDM istehsalına mənfi təsir göstərib.
Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov hesab edir ki, ÜDM-nin azalmasının əsas səbəbi neft-qaz sektorunda yaradılan əlavə dəyərin aşağı düşməsi ilə bağlıdır. O qeyd edib ki, neft-qaz sektorunda həmin müddətdə 1,2 faiz azalma qeydə alınıb ki, bu da birbaşa cəmi istehsalın artım sürətinə mənfi təsir edib:
“Son dövrlər neft hasilatında azalmalar müşahidə edirik. Bu da təbii ki, bütövlükdə neft-qaz sektorunda ÜDM, eyni zamanda, sənaye məhsullarının istehsalına mənfi təsir göstərir. Neft-qaz sektorunda sənaye məhsullarının istehsalı da 1 faiz azalıb. O baxımdan, neft-qaz sektorundakı azalma bütün ÜDM-dəki azalmaya səbəb olub. Burada mövsümi faktorlar da var. Mövsümi amillər də ÜDM-dəki dəyişikliyə təsir göstərir”.
V.Bayramov proqnozlaşdırır ki, növbəti aylarda, xüsusən qeyri-neft sektorunda gözləniləndən daha yüksək artım baş verəcək. Onun fikrincə, bu artım artım hesabına ÜDM-dəki artım sürəti yenidən bərpa olunacaq.
Firuzə Əliyeva
Sfera.az