Böyük Britaniyanın 170 illik nüfuzlu nəşrlərindən biri olan "The Telegraph" Almaniyanın media nəhəngi "Axel Springer" tərəfindən 575 milyon funt-sterlinqə (təxminən 661 milyon dollar) satın alınıb.
Sfera.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya hökuməti sözügedən razılaşmaya rəsmi icazə verib və bununla da qəzetin sahibliyi ilə bağlı təxminən üç il davam edən qeyri-müəyyənliyə son qoyulub.
Bildirilib ki, Almaniyanın ən böyük media şirkətlərindən biri olan “Axel Springer” sövdələşmə çərçivəsində qəzetin həm çap, həm də onlayn versiyalarını əldə edib. Şirkət rəhbərliyi nəşrə ciddi investisiya qoyulacağını, onun beynəlxalq miqyasda inkişaf etdiriləcəyini açıqlayıb.
Qeyd edək ki, “The Telegraph”ın satışı uzun müddətdir gündəmdə idi. Qəzet daha əvvəl müxtəlif investorların maraq dairəsində olub, lakin xarici təsir və rəqabət narahatlıqları səbəbindən əvvəlki satış cəhdləri baş tutmamışdı.
Yeni razılaşma ilə “Axel Springer” beynəlxalq media bazarındakı mövqeyini daha da gücləndirməyi və xüsusilə ingilisdilli auditoriyada təsirini artırmağı hədəfləyir.
Xatırladaq ki “Axel Springer” hazırda “Bild” və “Die Welt” qəzetlərinin, o cümlədən “Politico” platformasının da sahibidir.
Firuzə Əliyeva
Sfera.az