Son günlərdə müşahidə olunan ardıcıl yağışlar və bəzi bölgələrdə yağan dolu kənd təsərrüfatına ciddi təsir göstərməkdədir. Xüsusilə mövsümi meyvə və tərəvəzlərin yetişmə mərhələsində baş verən bu cür hava şəraiti məhsuldarlığın azalmasına, keyfiyyətin aşağı düşməsinə və nəticə etibarilə bazarda qiymət dəyişikliklərinə səbəb ola bilər.
Fermerlərin çəkdiyi zərər, məhsul itkiləri və tədarük zəncirində yaranan çətinliklər yaxın günlərdə meyvə-tərəvəz bazarında necə bir mənzərə formalaşdıracaq sualını aktuallaşdırır.
Ardıcıl yağışlar, dolunun meyvə tərəvəz bazarına təsiri necə olacaq?
Sfera.az-a bu barədə açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ardıcıl yağışlar və dolu meyvə-tərəvəz bazarına həm təklif, həm də qiymət baxımından birbaşa təsir edir:
“Kənd təsərrüfatı sahələrində məhsulun bir hissəsi zədələndiyi üçün bazara çıxan ümumi təklif azalır. Xüsusilə açıq sahədə yetişən pomidor, xiyar, alma, üzüm kimi məhsullar doludan daha çox zərər görür və bu, yığım həcmini aşağı salır”.
İqtisadçı əlavə edib ki, təklif azaldıqda bazarda qiymətlər yüksəlməyə meyilli olur, çünki eyni tələbat daha az məhsulla qarşılanır:
“Eyni zamanda məhsulun keyfiyyəti də düşə bilər, bu da bazarda çeşid fərqliliyini artırır və keyfiyyətə görə qiymət fərqləri yaranır. Digər tərəfdən, davamlı yağışlar logistikanı çətinləşdirir. Məhsulun yığılması, daşınması və bazara çıxarılması gecikir, bu da qısamüddətli çatışmazlıq yaradır. Nəticədə həm topdansatış, həm də pərakəndə satış qiymətlərində dalğalanmalar müşahidə olunur. Uzunmüddətli təsir isə daha çox istehsalçıların davranışından asılıdır. Əgər zərər təkrarlanarsa, fermerlər əkin strukturunu dəyişə, daha dayanıqlı sortlara keçə və ya istixana istehsalını artırmağa çalışa bilərlər”.
Fidan Hacızadə
Sfera.az