Azərbaycanlı jurnalist Farida Zeynalova nüfuzlu “Inspire Global Media Awards 2026” mükafatının qalibi olub.


 


Sfera.az xəbər verir ki, o, “Consumer Feature of the Year (Asia)” – yəni “İlin ən yaxşı istehlakçı yönümlü məqaləsi (Asiya üzrə)” kateqoriyası üzrə birincilik qazanıb.


 


Qalibiyyət Farida Zeynalovanın “Explore Azerbaijan’s wine history – and its unexpected German past” adlı məqaləsi ilə əldə olunub. Sözügedən yazı "National Geographic Traveller" (UK) jurnalında dərc edilib.




Məqalədə Azərbaycanın zəngin şərabçılıq tarixi və bu sahədə gözlənilməz alman izləri araşdırılıb, mövzu oxucuya maraqlı və peşəkar “storytelling” üslubunda təqdim olunub.


 


Qeyd edək ki, “Inspire Global Media Awards” beynəlxalq media sahəsində nüfuzlu mükafatlardan biri hesab olunur və əsasən pozitiv təsir yaradan, yüksək səviyyəli hekayəçilik nümunələrini qiymətləndirir.




Bu uğur həm də Azərbaycanın mədəni və tarixi irsinin qlobal mediada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.


 


Həmçinin, Fəridə Zeynalova “National Geographic Traveller” (UK) jurnalında yemək və qastronomiya mövzuları üzrə köməkçi redaktoru və səyahət yazarı kimi fəaliyyət göstərir. Demək olar ki, on ildir bu nüfuzlu nəşrin redaksiya heyətində yer alan Fəridə hazırda Böyük Britaniyada yaşayır və beynəlxalq media sahəsində uğur qazanan azərbaycanlı jurnalistlərdən biridir.


 


Firuzə Əliyeva

Sfera.az