Ali Məhkəmə valideynlərin və uşaqların şəxsiyyət hüquqlarının pozulmasına görə, mənəvi zərərin tələb edilməsinin mümkün olduğuna diar qərar qəbul edib.
Sfera.az qərara istinadən xəbər verir ki, valideynlik və uşaq şəxsiyyət hüquqlarının bir çoxu qarşı tərəfin öhdəlikləri ilə şərtləndirilib. Həmin öhdəliklərin pozulması mənəvi zərər yaradır.
Ali Məhkəmə bildirir ki, valideynlik hüquqlarından sui-istifadə edən və onu uşaqların mənafeyinə zidd həyata keçirən, heç bir üzrlü səbəb olmadan uşağını doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edən, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən, uşaqları istismar edən, təhqir edən, mənəviyyatını alçaldan, qəddarlığa, kobudluğa, biganəliyə yol verən valideyn bu kimi hərəkətləri ilə uşaqların şəxsiyyət hüquqlarının pozur və onlara mənəvi zərər vurur.
Eyni məsuliyyəti övladlığa götürən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar.
Ali Məhkəmə qeyd edib ki, alimentin ödənilməməsi birbaşa mənəvi zərərə səbəb olmur.
Aliment əmlak hüququdur və ödənilməməsi maddi zərərlə nəticələnir. Lakin bu hal uşağın yaşamaq, sağlamlıq, təhsil və digər şəxsiyyət hüquqlarını pozarsa mənəvi zərərə səbəb ola bilər. Bu əsasla mənəvi zərər tələbi irəli sürən şəxs öz tələbini əsaslandırılmalı və sübut etməlidir ki, uşağın sadalanan şəxsiyyət hüquqları məhz aliment ödənilmədiyi üçün pozulub. Əks təqdirdə, belə tələblər təmin edilməyəcək.
Eyni qayda valideynin xroniki alkoqolizm və narkomaniya xəstəsi olması hallarına da şamil olunur.
Aliment əmək qabiliyyəti olmayan valideynin saxlanması üçün əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladdan tutulduğu hallarda ödənilmədikdə isə, həmin valideyn yuxarıda sadalanan şərtlərlə çıxış edə bilər.
Firuzə Əliyeva
Sfera.az