Rusiyanın İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı prosesə töhfə verməyə hazır olduğunu açıqlaması mövzunu yenidən beynəlxalq gündəmə gətirib. Sergey Lavrovun bu bəyanatı fonunda mümkün ssenarilər və tərəflərin mövqeyi geniş müzakirə olunur.
Bəs görəsən, İran nüvə yanacağını Rusiyaya təhvil vermək qərarı alsa, ABŞ bu addımı qəbul edərmi və buna hansı şərtlərlə razılıq verə bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, bu, ABŞ üçün ikinci böyük təhlükədir:
“Nəzərə alsaq ki, hazırda Rusiya Ukrayna ilə müharibə aparır və Ukrayna ilə müharibə apardığı ərəfədə zənginləşmiş uran ehtiyatlarına sahib olması, Rusiyanın nüvə ehtiyatlarının daha çox genişlənməsinə səbəb olacaq. Nəzərə alaq ki, eyni zamanda Rusiya nüvə dövlətidir və zənginləşdirilmiş hazır uran tez bir zamanda Rusiyanın nüvə başlıqları əldə etməsinə və Ukraynada dəhşətli müharibə cinayətlərinin baş verməsinə gətirib çıxara bilər. Ona görə də, inanmıram ki, ABŞ bu məsələyə razı olsun. Amma nəzərə alaq ki, Tramp administrasiyası ilə Putin hakimiyyəti arasında çox ciddi münasibətlər var. Əgər Tramp belə bir addım atarsa, bu Ukraynaya çox böyük xəyanət olar. Əslində zənginləşdirmiş uranın beynəlxalq birliyin nəzarətində İranda işlədilməsi daha məqsədəuyğundur”.
Politoloq qeyd edib ki, İran onu bir halda istifadə edə bilər:
“Əgər İran onu dinc məqsədlər üçün, yəni sırf enerji məqsədilə istifadə edəcəksə, bu ola bilər. Eyni zamanda həmin zənginləşmiş uranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) təhvil verilməsi məsələsi də gündəmdədir. Bu da ola bilər. Yəni, İran zənginləşmiş urandan tam şəkildə imtina edərək, onu beynəlxalq birliyə verə bilər. Beynəlxalq birlik isə bu uranı müəyyən bir ölçüdə, başqa məqsədlər üçün istifadəsinə nail olmalıdır. Burda müzakirə ediləcək məsələlər çox ciddidir. Amma düşünürəm ki, bir beynəlxalq konsensiumun yaradılması, İran və Qərb ölkələri ilə birlikdə müəssisənin yaradılması və zənginləşmiş uranın həmin müəssisə tərəfindən işlədilməsi daha məqbul hesab olunur”.
Niyaz Hacıyev
Sfera.az