ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında etdiyi son paylaşımlarla yenidən beynəlxalq gündəmin mərkəzinə çevrilib.
Sfera.az xəbər verir ki, onun İran, NATO və Papa ilə bağlı səsləndirdiyi sərt fikirlər qlobal gərginliyi artırıb.
Tramp ilk paylaşımında son iki ay ərzində on minlərlə etirazçının öldürüldüyünü iddia edərək İranı kəskin tənqid edib, eyni zamanda Papaya müraciət edərək bu ölkənin nüvə silahına sahib olmasının tamamilə qəbuledilməz olduğunu vurğulayıb.
ABŞ prezidenti növbəti paylaşımında ritorikasını daha da sərtləşdirərək İrana yönəlik xəbərdarlıqlarını təkrarlayıb və hərbi variantların da gündəmdə olduğunu bildirib. O, eyni zamanda ABŞ müttəfiqlərinə səslənərək NATO-nun daha güclü və qətiyyətli mövqe ortaya qoymasının vacibliyini qeyd edib, İran təhlükəsinə qarşı birgə hərəkətin zəruriliyini vurğulayıb və müttəfiq ölkələrin müdafiə sahəsində daha çox məsuliyyət daşımalı olduqlarını bildirib.
“ABC News”un müxbiri Conattan Karl Tramp ilə telefon müsahibəsinin detalları barədə məlumat yayıb. Bildirilib ki, ABŞ prezidenti İranla müvəqqəti atəşkəsin uzadılmasını nəzərdən keçirmir və buna ehtiyac olmadığını düşünür. O, həmçinin qarşıdakı iki günün “inanılmaz” olacağını qeyd edib.
ABŞ-İsrail və İran arasında münaqişənin necə başa çatacağı ilə bağlı suala cavab verən Tramp bildirib ki, proses həm razılaşma ilə, həm də hərbi yanaşma ilə nəticələnə bilər. Lakin onun fikrincə, razılaşma daha məqsədəuyğundur, çünki bu halda ölkənin yenidən qurulması mümkün olar. O, həmçinin artıq fərqli bir rejimin formalaşdığını və radikalların aradan qaldırıldığını iddia edib.
Mənsumə
Sfera.az