İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirərkən Çin kəşfiyyat peykindən istifadə etdiyi iddia olunur.
Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sızdırılmış məxfi sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət 2024-cü ilin sonunda Çin şirkəti "Earth Eye Co" tərəfindən hazırlanaraq orbitə buraxılan TEE-01B peykindən gedir. Bildirilir ki, peyk orbitə çıxarıldıqdan dərhal sonra “orbital təhvil” sxemi əsasında idarəetmə SEPAH-ın aerokosmik qüvvələrinə verilib. Sövdələşmənin dəyərinin təxminən 250 milyon yuan (623 381 95.90 AZN) olduğu qeyd olunur.
İddialara əsasən, cari ilin mart ayında peyk ABŞ hərbi obyektlərini raket hücumlarından əvvəl və sonra müşahidə edib. Çəkilişlərə Səudiyyə Ərəbistanındakı “Prince Sultan” aviabazası da daxil olub. Məhz bu baza ilə bağlı ABŞ Prezidenti Donald Tramp martın 14-də bəzi təyyarələrin zərər gördüyünü təsdiqləyib.
Bundan əlavə, peykin İordaniyadakı Muvaffaq əl-Salti bazasını, Bəhreyndə ABŞ-nin Beşinci Donanmasının qərargahı yaxınlığındakı obyektləri və İraqın Ərbil hava limanını da izlədiyi bildirilir.
Məlumatda qeyd olunur ki, razılaşma çərçivəsində SEPAH Çin şirkəti Emposat-ın qlobal yerüstü rabitə stansiyaları şəbəkəsinə çıxış əldə edib. Bu isə peyk məlumatlarının operativ idarə olunmasına imkan verib.
Çinin Vaşinqtondakı səfirliyi isə FT-nin məlumatlarını “spekulyativ dezinformasiya” adlandırıb. ABŞ prezidenti Donald Tramp isə Çinin İrana hərbi dəstək göstərməsi halında Pekini “ciddi problemlərlə” hədələyib.
Fidan Hacızadə
Sfera.az