Son dövrlərdə İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik müşahidə olunur. Əvvəllər müəyyən güzəştlərə hazır olduğunu bildirən Tehran, indi daha sərt və prinsipial xətt nümayiş etdirir. Bu dəyişiklik fonunda Çinlə artan siyasi və iqtisadi əməkdaşlıq diqqət çəkir və bəzi ekspertlər bunu İranın mövqeyinin sərtləşməsində mühüm amil kimi qiymətləndirirlər.




Maraqlıdır, Çinin İranı açıq şəkildə dəstəkləməsi Tehranın nüvə məsələsində daha da barışmaz və kompromisə qapalı mövqe tutmasına səbəb ola bilərmi?




Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, İranın nüvə proqramı ilə bağlı rəsmi mövqeyində ifadə olunan dəyişikliklər beynəlxalq təhlükəsizlik arxitekturasında yeni tendensiyaların meydana çıxdığını göstərən mühüm məqamdır.


 


Onun sözlərinə görə, əvvəlki mərhələdə rəsmi Tehranın müəyyən qarşılıqlı güzəştlər çərçivəsində nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasına açıq olduğu müşahidə edilirdisə, hazırkı şəraitdə daha sərt və prinsipial yanaşmanın üstünlük təşkil etdiyi aydın görünür:




“Bu mövqe dəyişikliyini şərtləndirən əsas amillərdən biri kimi Çinin İrana münasibətdə artan siyasi-iqtisadi dəstəyi ifadə olunur. Son illərdə Çin ilə İran arasında əməkdaşlığın xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və regional təhlükəsizlik sahələrində intensivləşməsi diqqət çəkir. Şübhəsiz ki, rəsmi Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində İranın tranzit rolu və geostrateji əhəmiyyəti onun mövqeyini daha da möhkəmləndirir. Bu isə İrana xarici təzyiqlər fonunda iqtisadi dayanıqlılıq və diplomatik manevr imkanları qazandırır. Mövcud şəraitdə İran Qərb ölkələri ilə aparılan danışıqlarda daha sərt şərtlərlə çıxış edir və kompromis imkanlarını minimuma endirməyə çalışır. Həmçinin Çinin dəstəyi birbaşa siyasi müdafiə formasında deyil, əsasən iqtisadi alətlər, xüsusilə enerji idxalı və sanksiyaların təsirini zəiflədən ticarət mexanizmləri vasitəsilə reallaşır. Bu yanaşma isə öz növbəsində İranın tam beynəlxalq təcriddən çıxmasına imkan yaratmasa da, ona alternativ iqtisadi dayaqlar formalaşdırmaq imkanı verir”.


 



 


Politoloq qeyd edib ki, Çin amili danışıqlar prosesində qüvvələr nisbətinə müəyyən korrektələr gətirərək İranın mövqeyini qismən gücləndirir:




“Bununla yanaşı, rəsmi Pekinin strateji prioriteti regionda sabitliyin qorunmasıdır. Çin hərbi qarşıdurmadan daha çox iqtisadi inteqrasiya, logistika marşrutlarının təhlükəsizliyi və uzunmüddətli sabitlikdə maraqlıdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Çin İranı radikal mövqeyə sövq etməkdən daha çox, onu idarəolunan şəkildə danışıqlar prosesində saxlamağa üstünlük verir. Nəticə etibarilə, Çinin İrana göstərdiyi dəstək rəsmi Tehranın danışıqlarda daha sərt mövqe nümayiş etdirməsinə müəyyən təsir göstərsə də, bu faktor həlledici amil deyil. Çünki İranın xarici siyasət kursu əsasən daxili siyasi gündəliyə daxil olan prioritetlər, regional güc balansı və Qərblə münasibətlərin dinamikası ilə formalaşır. Ona görə də, Çin faktoru İranın mövqeyini müəyyən qədər möhkəmləndirən mühüm geosiyasi element olsa da, bu istiqamətdə məhdud təsir gücünə malikdir”.




Niyaz Hacıyev

Sfera.az