Hörmüz boğazından gəmilərin keçidi ABŞ tərəfindən tətbiq edilən blokadanın pozulması hesab edilmir.
Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına istinadən məlumat yayıb. CENTCOM-dan bildirilib ki, blokada yalnız İran limanlarına şamil olunur, boğazın özünə isə aid deyil.
Qeyd olunub ki, həm Hörmüz boğazı daxilində, həm də ondan kənarda yerləşən bütün İran limanları blokada altındadır. Bununla belə, İranla əlaqəsi olmayan gəmilər boğazdan sərbəst keçə bilər.
Vaşinqtonda vurğulanıb ki, blokada çərçivəsində ABŞ qüvvələri İranla əlaqəli yüklər daşıyan gəmiləri on minlərlə mil məsafədə belə ələ keçirə bilər. Kommersiya gəmilərinin isə neytral limana çatana qədər izlənməsi mümkündür.
Xatırladaq ki, aprelin 13-də ABŞ Ordusunun Mərkəzi Komandanlığı İran limanlarına gedən və ya oradan çıxan gəmilərə qarşı blokadaya başlayıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin bu addımı Fars körfəzinin digər ölkələrinə yönələn gəmilərə təsir etməyəcək.
Fidan Hacızadə
Sfera.az