Bakıda dünən gecə müşahidə olunan qeyri-adi hava şəraiti, xüsusilə cəmi 5 dəqiqə ərzində paytaxt küçələrini ağ örpəyə bürüyən intensiv dolu yağıntısı sakinlər arasında təəccüb doğurub.
Yaz aylarında qəfil baş verən bu hadisə, son günlər ard-arda yağan leysan xarakterli yağışlar artıq cəmiyyətdə bir sıra suallar doğurub. Yaz aylarında Bakı üçün bu qədər intensiv dolu yağışı, 5 dəqiqə ərzində yerin ağarması nə dərəcədə xarakterikdir?
Bu "anomal hadisə" kateqoriyasına daxil ola bilərmi?
Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlama verib. Ekspertin fikirlərinə əsasən, bu hadisə Bakı kimi yarımsəhra iqliminə malik şəhər üçün o qədər də xarakterik hesab olunmur.
“Üstəlik, söhbət təkcə paytaxtdan deyil, ümumilikdə ölkə ərazisində müşahidə olunan proseslərdən gedir”,–deyən mütəxəssisin sözlərinə görə, məsələnin mahiyyəti hava kütlələrinin qarşılıqlı təsiri ilə bağlıdır:
“Adətən ölkə ərazisinə qərbdən Qolfstrim cərəyanı və Azor maksimumunun təsiri ilə formalaşan rütubətli və yağıntılı hava kütlələri daxil olur. Eyni zamanda, şimaldan gələn Sibir antisiklonunun soyuq hava axınları ilə bu kütlələr toqquşur. Məhz bu toqquşma nəticəsində qeyri-sabit hava şəraiti formalaşır və intensiv yağıntılar baş verir. Hazırkı dövrün də keçid mərhələsi, yəni qışdan yaza keçid olması bu prosesi daha da gücləndirir. Yazın sonlarına doğru belə yağıntılı dövrlərin davam etməsi də mümkündür. Nəticədə ölkə ərazisinə külli miqdarda yağıntı düşür və dağlıq ərazilərdə qar, isti və soyuq hava axınlarının kəsişdiyi zonalarda dolu, digər bölgələrdə isə əsasən intensiv yağışlar müşahidə olunur. Bəzi hallarda yağıntının miqdarı normanı bir neçə dəfə üstələyir”.
Ə.Əliyev baş verən təbiət hadisəsinin anomal xarakter daşıdığını bildirsə də, region üçün yeni olmadığını qeyd edib:
“Bu proseslər fonunda Bakı şəhəri də kifayət qədər yağıntı alıb. Qeyd edək ki, paytaxtda illik yağıntı norması təxminən 250 millimetr təşkil edir. Lakin son müşahidələr göstərir ki, bu göstərici bir neçə dəfə artıb və nəticədə müəyyən problemlər yaranıb. Bu isə gələcəkdə oxşar halların təkrarlanma ehtimalını gündəmə gətirir. Çünki təbiətdə təkrarlanma qanunu mövcuddur və bu cür proseslər dövri xarakter daşıyır. Bununla yanaşı, yağıntıların müsbət tərəfləri də diqqətdən kənarda qalmır. Güclü yağışlar nəticəsində Bakı şəhəri yaşıllaşıb, bitki örtüyü canlanıb və atmosfer havası xeyli təmizlənib.
Bu da ekoloji baxımdan müsbət təsir kimi qiymətləndirilir. Bununla belə, arzu olunan odur ki, belə yağıntılar daha mülayim və fasilələrlə baş versin. Ay ərzində bir neçə dəfə yağan yüngül yağışlar həm şəhərin təmizliyinə, həm də yaşıllıqların qorunmasına xidmət edər, eyni zamanda oksigen balansının yaxşılaşmasına müsbət təsir göstərər. Ümumilikdə, müşahidə olunan bu hadisə anomal xarakter daşısa da, region üçün tamamilə yeni deyil. Tarixi müşahidələr göstərir ki, oxşar hallar əvvəllər də qeydə alınıb və müəyyən dövrlərdə təkrarlanıb. Bu baxımdan, hazırkı proseslər təbiətdə mövcud olan qanunauyğunluqların növbəti təzahürü kimi qiymətləndirilməlidir”.
Bəsti Rəfizadə
Sfera.az