Texnologiya dünyasının böyük maraqla gözlədiyi qatlana bilən ilk "iPhone" modelinin istehsalında növbəti dəfə problem yaranıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Apple”ın "iPhone Fold" layihəsi üzrə seriya istehsalı planlaşdırılan vaxtdan gec başlayacaq.
Məlumata görə, testlər zamanı bəzi texniki ləngimələr qeydə alınıb. Bu səbəbdən ilkin olaraq iyun ayında start verilməsi nəzərdə tutulan seriya istehsalı avqust ayına keçirilib. Lakin bu 2 aylıq gecikmə “Apple”ın ümumi planlarını dəyişməyib, şirkət cihazı hələ də 2026-cı ilin payızında təqdim etmək niyyətindədir.
Ekspertlər xəbərdarlıq edir ki, istehsal təqvimindəki bu sıxılma ciddi tədarük zənciri problemlərinə yol aça bilər. Bildirilib ki, “iPhone Fold” satışa çıxarıldığı ilk dəqiqələrdəcə anbarlarda tükənə bilər. Bu isə süni qiymət artımına və ciddi stok qıtlığına səbəb olacaq.
Xatırladaq ki, cihazın kütləvi istehsalına yaşıl işıq yandırılması üçün o, bütün dizayn və davamlılıq testlərindən uğurla keçməlidir.
Bəsti Rəfizadə
Sfera.az