"Axios" ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, rəsmi Vaşinqton və İran arasında uzun müddətdir davam edən gərginliyin azaldılması istiqamətində mühüm irəliləyiş əldə olunub. Məlumata görə, tərəflər münaqişənin həlli ilə bağlı razılaşmaya əvvəlki dövrlərlə müqayisədə daha yaxın mövqedədir və diplomatik kanallar vasitəsilə danışıqlar intensiv şəkildə davam etdirilir.




Bəs mövcud vəziyyət fonunda tərəflər arasında sülh həqiqətən yaxındırmı?




Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında razılaşmaya yaxınlaşma ifadəsi tam sülh anlamına gəlmir.


 


Onun sözlərinə görə, bu, daha çox texniki və taktiki mərhələnin keçildiyini göstərir: 




“Hazırkı geosiyasi reallıqda ABŞ və İran arasında tammiqyaslı sülh razılaşması qısa müddətdə real görünmür. Çünki tərəflər arasında yalnız nüvə proqramı deyil, həm də regional təsir zonaları, proksi qüvvələr, sanksiyalar və təhlükəsizlik məsələləri kimi çox qatlı ziddiyyətlər mövcuddur. Bu məsələlərin hər biri ayrıca danışıqlar mövzusu olmaqla yanaşı, bir-biri ilə sıx bağlıdır və kompromis əldə etməyi çətinləşdirir”.


 




Siyasi şərhçi vurğulayıb ki, sülhə yaxınlaşma daha çox məhdud razılaşmaların mümkünlüyünü gündəmə gətirir:




“Bu cür razılaşmalar tərəflərə həm zaman qazandırır, həm də daha böyük razılaşmalar üçün zəmin yaradır. Sülhün tam mənada yaxın olduğunu demək tezdir, amma eskalasiyanın qarşısının alınması istiqamətində müəyyən irəliləyişlərin olması ehtimalı artır. Bu baxımdan yaxın dövrdə böyük sülh sazişindən çox, mərhələli və ehtiyatlı anlaşmaların şahidi olmaq daha real ssenari kimi görünür”.


 


Niyaz Hacıyev

Sfera.az