Fransanın “Paris Sen-Jermen” klubu UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.
Sfera.az xəbər verir ki, çərşənbə günü “Bavariya” 1/4 finalın cavab oyununda İspaniyanın “Real Madrid” klubunu 4:3 hesabı ilə məğlub edib.
İlk görüşdə də Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Digər tərəfdən, məlumata görə, PSJ 1/4 finalın cavab oyununda İngiltərənin “Liverpul” klubunu 2:0 hesabı ilə üstələyib. İlk matç da eyni hesabla Fransa təmsilçisinin xeyrinə başa çatıb.
Beləliklə, PSJ – “Bavariya” yarımfinal cütlüyündə ilk oyun 28 apreldə Parisdə, cavab görüşü isə 6 mayda Münhendə keçiriləcək.
Digər yarımfinalda isə İspaniyanın “Atletiko Madrid” klubu İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq. “Atletiko Madrid” 1/4 finalda İspaniyanın “Barselona” klubunu ümumi hesabla 3:1 (1:0, 2:1), “Arsenal” isə Portuqaliyanın “Sportinq” komandasını ümumi hesabla 1:0 (1:0, 0:0) məğlub edib. Bu cütün ilk oyunu 29 apreldə Madriddə, cavab qarşılaşması isə 5 mayda Londonda keçiriləcək. UEFA Çempionlar Liqasının final oyunu 30 mayda Budapeştdə baş tutacaq. Hazırkı çempion PSJ ötən mövsüm finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.
Niyaz Hacıyev
Sfera.az