İsrailin Baş nazir Binyamin Netanyahu bildirib ki, İsrail şiə təşkilatı Hizbullaha qarşı hərbi əməliyyatlar aparmağa davam edir.
Məqsəd Livanda güc vasitəsilə sülh yaratmaqdır. Netanyahu Livanın Bint Cbeyli şəhərini ələ keçirməyə yaxın olduqlarını bildirib:
"Biz tezliklə Hizbullahın ən böyük qalasını məhv edəcəyik. Orduya Livanın cənubunda təhlükəsizlik zonasını genişləndirməyə davam etməyi tapşırmışam.
İsrailin Baş nazir Binyamin Netanyahunun bu çıxışı gərginliyi artıra bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Binyamin Netanyahu tərəfindən səsləndirilən bu bəyanatın, xüsusilə Hizbullah kimi güclü və regionda dərin köklərə malik bir aktora qarşı “güc vasitəsilə sülh” yanaşmasının vurğulanması və gərginliyin artması riskini əhəmiyyətli dərəcədə yüksəltdiyini söyləyib. Onun sözlərinə görə, bu cür ritorika hərbi əməliyyatların yalnız taktiki deyil, həm də strateji baxımdan genişlənə biləcəyinə işarə edir:
“Xüsusilə Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi planı faktiki olaraq uzunmüddətli hərbi mövcudluq niyyətini göstərir ki, bu da qarşı tərəfin müqavimətini daha da sərtləşdirə bilər. Hizbullahın belə hallarda cavabı adətən asimmetrik və çoxvektorlu olur. Bu isə yalnız cəbhə xəttində deyil, regionun digər nöqtələrində də gərginliyin yayılması ehtimalını artırır”.
Politoloq əlavə edib ki, digər tərəfdən, Livanın Bint Cbeyl kimi simvolik əhəmiyyətə malik ərazilərinin hədəf göstərilməsi psixoloji və siyasi mesaj xarakteri daşıyır:
“Bu, Hizbullah üçün sadəcə hərbi mövqe deyil, həm də legitimlik və müqavimət simvoludur. Belə bir hədəfin açıq şəkildə vurğulanması qarşı tərəfi geri çəkilməyə yox, daha sərt reaksiyaya sövq edə bilər. Nəticə etibarilə, bu çıxış yalnız mövcud əməliyyatların davam edəcəyini deyil, həm də münaqişənin intensivliyinin artacağını göstərir. Əgər paralel olaraq diplomatik kanallar aktivləşdirilməzsə, bu cür bəyanatlar lokal toqquşmanı daha geniş regional eskalasiyaya çevirə bilər”.
Fidan Hacızadə
Sfera.az