Çində aşağı maliyyətli hava daşımalarını inkişaf etdirmək məqsədilə hazırlanan “HH-200” pilotsuz yük təyyarəsi ilk sınaq uçuşunu uğurla həyata keçirib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ölkə ticarət hava daşımalarında səmərəliliyi artırmağı hədəfləyən yeni nəsil pilotsuz sistemlərin inkişafını sürətləndirir. Bu çərçivədə hazırlanmış “HH-200” modeli, Çinin aviasiya texnologiyalarında mühüm mərhələ kimi qiymətləndirilib. Sınaq uçuşu zamanı Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) tərəfindən hazırlanmış təyyarə uçuş zamanı bütün sistemlərin normal işlədiyini və uçuş parametrlərinin sabit olduğunu nümayiş etdirib. Sabit qanadlı konstruksiyaya malik olan “HH-200” təyyarəsinin uzunluğu 12,2 metr, qanad açıqlığı isə 16,8 metr təşkil edir. Təyyarənin yük bölməsi 12 kubmetr həcmə malikdir və bu göstərici 18 kubmetrə qədər artırıla bilir.


 


Model təxminən 1,5 ton yükdaşıma qabiliyyətinə sahibdir. “HH-200” saatda 310 kilometr sürətlə hərəkət edə bilir və maksimum 2360 kilometr məsafədə uçuş həyata keçirmək imkanına malikdir. Layihəyə əsasən, təyyarənin xidmət müddətinin 50 min uçuş saatı və 15 min qalxma-enmə dövrü olması planlaşdırılıb. Hesablamalara görə, “HH-200” yük daşımalarında hər ton-kilometr üçün xərci 4,7 yuan səviyyəsinə qədər azaltmağı hədəfləyib.


 


Qeyd edək ki, AVIC bundan əvvəl “HH-100” və “TP-2000” modelləri ilə də pilotsuz yük daşımaları sahəsində sınaqlar aparıb. “HH-200” modeli ilə Çinin avtonom və aşağı xərcli hava logistikası istiqamətində daha bir addım irəlilədiyi bildirilib.


 


Bəsti Rəfizadə


Sfera.az