Azərbaycana elektrik avtomobillərinin idxalında azalma 2026-cı ilin birinci rübündə də davam edib. Belə ki, ilin ilk üç ayında yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxal sayı 299 ədəd olub ki, bu da son bir ildə 129 ədəd azalma deməkdir.


 


Maraqlıdır ki, hazırda idxal baxımından ən əlverişli nəqliyyat vasitələri məhz elektrik avtomobilləridir. Çünki onların idxalı gömrük rüsumundan azaddır. Buna görə də elektrik avtomobilləri daha ucuz başa gəlir. Lakin buna baxmayaraq, bu növ avtomobillərin idxalında artım müşahidə olunmur, əksinə, azalma qeydə alınır. 


 


Bəs bunun səbəbi nədir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən “MasterClass” layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, azalma bir neçə əsas faktorla bağlıdır.


 


Onun sözlərinə görə, əsas səbəblərdən biri ötən il elektromobil və hibrid avtomobillərin həddindən artıq idxal olunmasıdır:


 


“Güzəştlərin ləğv ediləcəyi gözləntisi ilə ötən il hibrid və plagin-hibrid avtomobillərin idxalı xeyli artmışdı. Lakin bu avtomobillərin bir qismi gözləntiləri doğrultmadı. Tələbatın kifayət qədər olmaması səbəbindən bəzi satıcılar avtomobilləri hətta ötənilki qiymətlərdən də aşağı satmağa məcbur qalırlar ki, yatırdıqları vəsaiti geri qaytara bilsinlər. Yəni tələb və təklif balansı düzgün hesablanmayıb. Digər amillərdən biri də Çin bazarında baş verən dəyişikliklərdir. Çində bəzi modellər üzrə dövlət subsidiyalarının dayandırılması fonunda qiymətlərdə artım müşahidə olunur. Bu da idxal xərclərinə təsir edir”.


 


R.Raufoğlu həmçinin qeyd edib ki, elektromobillərlə bağlı infrastruktur problemləri və istifadə rahatlığı da alıcıların seçimlərinə təsir göstərir:


 


“İstifadəçilər üçün əsas məsələlərdən biri şarj imkanlarıdır. Hər yerdə elektrik enerjisinə çıxış mümkün olmur. Hətta bəzi yaşayış binalarında təhlükəsizlik səbəbilə avtomobillərin bu üsulla şarj edilməsinə məhdudiyyətlər qoyulub. Bu da elektromobillərin cəlbediciliyini azaldır. Daha çox iş yerində şarj imkanı olan şəxslər bu avtomobillərə üstünlük verirlər”.


 



Ekspertin sözlərinə görə, Azərbaycanda praktik olaraq hibrid avtomobillər daha əlverişlidir:


 


“Bugünkü seçimlərdə alıcılar daha çox hibrid modellərə yönəlirlər. Tam elektrik avtomobillərindən fərqli olaraq, qarışıq rejimli nəqliyyat vasitələri daha praktik hesab olunur. Lakin hibrid avtomobillər üçün də bəzi güzəştlərin ləğvi idxala təsir göstərir. Üstəlik, ötən il gətirilən avtomobillərin satış problemi hələ də aktualdır”.


 


Firuzə Əliyeva

Sfera.az