Türkiyədə məktəblərə hücum hadisələrindən sonra təhlükəsizlik tədbirləri sərtləşdirilib. Belə ki, cinayəti və cinayətkarları tərifləyən, ictimai asayişə mənfi təsir göstərən paylaşımlar edən şəxslər müəyyən edilərək barələrində hüquqi tədbirlər görülüb. Nəticədə 83 nəfər həbs olunub, 940 sosial media hesabına giriş bloklanıb, 93 “Telegram” qrupu isə bağlanıb.


 


Bu addımlar fonunda sual yaranır: kriminal fəaliyyətin təbliğinin qarşısını almaq üçün Azərbaycanda da sosial şəbəkələrdə oxşar monitorinqlərin aparılması və cəza tədbirlərinin gücləndirilməsi zəruridirmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlətin təhlükəsizliyinin qorunması baxımından sosial mediaya nəzarət mühüm məsələlərdən biridir:


 


“Bu gün hər bir dövlət üçün əsas prioritetlərdən biri təhlükəsizliyin təmin olunmasıdır. Sosial media isə artıq bir çox ölkədə ictimai təhlükəsizlik üçün ciddi təhdid yaradan platformaya çevrilib. Bu yanaşma bəzən cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, reallıq ondan ibarətdir ki, bu sahədə müəyyən tənzimləmələrə ehtiyac var. Biz bunu artıq öz ölkəmizdə də hiss edirik”.


 


Deputat qeyd edib ki, Azərbaycan bu prosesdə gecikməməli və qabaqlayıcı addımlar atmalıdır:


 



 


“Əgər bu istiqamətdə vaxtında tədbirlər görülməzsə, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilərik. Qarşıdakı dövr kifayət qədər həssas və mürəkkəb mərhələdir. İctimai-siyasi sabitliyin və ümumi təhlükəsizliyin qorunması üçün indidən düşünülmüş addımlar atılmalıdır. Sosial mediadan sui-istifadə halları artıq müşahidə olunur. Təəssüf ki, bəzi qruplar və şəxslər sosial şəbəkələrdə təhdid xarakterli paylaşımlar edir, bu isə müəyyən risklər yaradır. Ona görə də bu sahədə məsuliyyətin artırılması vacibdir. Sosial media düzgün istifadə edildikdə faydalıdır, lakin nəzarətsiz qaldıqda ciddi problemlərə səbəb ola bilər”.


 


C.Məmmədov vurğulayıb ki, görüləcək tədbirlər balanslı və hüquqi çərçivədə olmalıdır:


 


“Burada məqsəd ifadə azadlığını məhdudlaşdırmaq deyil, təhlükəsizliyi təmin etməkdir. Atılacaq addımlar insanların daha məsuliyyətli davranmasına xidmət etməlidir”.


 


Firuzə Əliyeva

Sfera.az