Aprelin 14-də ABŞ-də bir araya gələn İsrail və Livan nümayəndə heyətləri regionun ən mübahisəli məsələlərindən biri üzrə ortaq qərara imza atıblar.
Keçirilən intensiv danışıqların yekununda, Livanın cənubunda gərginliyin tamamilə aradan qaldırılması məqsədilə “Hizbullah”ın tam tərksilah olunması prosesinə başlanılması barədə razılıq əldə edilib.
Bu qərar, həm regional təhlükəsizlik, həm də beynəlxalq diplomatiya üçün gözlənilməz və həlledici dönüş nöqtəsi hesab olunur.
Bəs, "Hizbullah"ın tam tərksilah olması mümkündürmü?
Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Tural İrfanın sözlərinə əsasən, problemli məsələ təkcə “Hizbullah”ın tərksilah olması deyil, bölgədə İranın təsirini minimuma endirmək və ondan sonrakı planlar üzərindən hərəkət sxemidir:
“O da məlumdur ki, İsrailin konstitusiyası yoxdur və rəsmi sərhədləri qeyd edilməyib. Çünki "vəd edilmiş torpaqlar" üzərindən ilhaq həyata keçirdikdən və nəzərdə tutulan "Böyük İsrail" planının tamamlanmasından sonra rəsmi sərhədlər qoyula bilər. Hazırda konstitusiya qəbul olunub və sərhədlər elan edilsə, dünyada böyük rezonans doğurar və beynəlxalq aləm reallığı qəbul etməz. Odur ki, bu plan tədricən həyata keçirilir”.
Ekspert indiki İsrail-Livan danışıqlarının əsasən İrana bağlı “Hizbullah” təşkilatının tədricən ləğvi ilə bağlı olduğunu və silahsızlaşdırma şərtinin ilkin mərhələ olduğunu vurğulayıb:
“Şübhəsiz ki, iki dövlət arasında əsas problem “Hizbullah” və İran təsiridir. Münaqişənin əsas səbəbi təbii ki, İsrailin “Hizbullah” bəhanəsi ilə Livana hücumları, hərbi müdaxiləsidir. Lakin Hizbullah da silahı yerə qoymayacağını bəyan edir. Əgər Livan və İsrailin danışıqları müsbət nəticə verərsə belə çıxır ki, “Hizbullaha” qarşı birgə mübarizə aparacaqlar. Lakin İsrailin Livana təcavüzünün olmaması əsas şərt ola bilər. Razılıq əldə olunarsa, regionda İranın təcrid olunması sürətlənəcək. Suriyadan sonra Livanın da İranın əlindən çıxması regionda balansı İsrailin xeyrinə dəyişəcək. Amma Türkiyənin təsirinin də azalması İsrailin işğal siyasətinə töhvə verəcək. Yaxın Şərqdə təhlükəsizlik və sabitlik mümkünsüzdür. Çünki İsrailin birbaşa dövlət siyasətinin əsası işğal planı üzərində qurulub. "Böyük İsrail" uğrunda qonşu ölkələrin ərazilərini ilhaq etmək üçün çalışır.
Əsas olan regionda İran təsirini tamamilə sıradan çıxarıb nəticədə Türkiyəni hədəfə götürməkdir. Odur ki, əgər “Hizbullah” məsələsi həll edilsə belə, İsrailin regionda Türkiyə maraqları ilə zidd addımlara köklənməsi məsələnin birdəfəlik həllini mümkünsüz edir. Ancaq İsrailin növbəti təxribatlarına qədər, növbəti hücumlara hazırlıq ərəfəsində müəyyən müddət nisbi sabitliyin hökm sürməsi mümkündür. “Hizbullah”ın tərksilah olması hər bir halda çətin proses olacaq və İsraillə Livan birlikdə hərəkət etməsə, təşkilatın öz istəyi ilə təslim olması və şərtsiz baş tutması çətin görünür”.
Bəsti Rəfizadə
Sfera.az