İranın cavab hücumları nəticəsində fiziki ziyan gördüyü iddia edilən Dubayın məşhur tikililərindən biri olan “Burj Al Arab” oteli bərpa işləri səbəbilə 18 aylıq müddətə fəaliyyətini dayandıracaq.
Sfera.az xəbər verir ki, otelin sahibi olan Jumeirah Group tərəfindən verilən məlumata əsasən, təmir və yenidənqurma işləri mərhələli şəkildə həyata keçiriləcək. Layihəyə Parisdə yaşayan interyer dizayneri Tristan Auer rəhbərlik edəcək. Rəsmi açıqlamada otelin tam bağlanması barədə detallı məlumat verilməsə də rezervasiya edən qonaqlara bu müddətdə yaxınlıqdakı digər otellərdə yerləşmə təklif olunduğu bildirilir. Şirkət nümayəndələri təmir müddətinin görülən işlərin gedişatından asılı olaraq dəyişə biləcəyini də qeyd ediblər.
Bəzi iddialara görə, otelin xarici görünüşündə zədələr regionda baş verən hadisələr zamanı meydana gəlib. Lakin Jumeirah Group bu təmir layihəsinin uzun müddətdir planlaşdırıldığını və həmin hadisələrlə birbaşa əlaqəsinin olmadığını da vurğulayıb. Eyni zamanda, regionda yaşanan gərginlik və uçuşların ləğvi turizm sektorunda zəifləməyə səbəb olub, lüks otellərin isə gəlir səviyyəsinə təzyiq göstərdiyi bildirilir.
Qeyd edək ki, otelin bağlanması ilə bağlı qərarın turizm bazarındakı mövcud vəziyyətlə eyni vaxta təsadüf etməsi diqqət çəkir.
Mənsumə
Sfera.az