Psixologiya sahəsində aparılan uzunmüddətli araşdırmalar insanın özünü ən xoşbəxt və mənalı hiss etdiyi anların sirrini ortaya qoyub.
Sfera.az xəbər verir ki, tanınmış psixoloq Mihay Çiksentmihayi onilliklər ərzində müxtəlif peşə sahibləri ilə apardığı müsahibələr nəticəsində diqqətçəkən bir qanunauyğunluq müəyyən edib. Alimin sözlərinə görə, insanlar ən yüksək məmnuniyyət hissini uğur, pul və ya xarici mükafatlar əldə edərkən deyil, “axın” adlandırılan xüsusi psixoloji vəziyyətdə yaşayırlar.
Bu vəziyyət halında insan zaman anlayışını itirir, diqqətini cəmləmək üçün əlavə səy göstərmir, şüur və hərəkət bir bütöv hal alır və gördüyü işin içində tam şəkildə özünü itirir. Bildirilir ki, bu halı zorla yaratmaq mümkün deyil. “Axın” vəziyyəti yalnız insanın bacarıqları ilə qarşısındakı tapşırığın çətinliyi arasında ideal balans yarandıqda meydana çıxır.
Araşdırmalara görə, bu vəziyyətdə tapşırıq çox asan olduqda cansıxıcılıq yaranır, həddindən artıq çətin olduqda isə narahatlıq baş qaldırır. “Axın” isə məhz bu iki vəziyyətin ortasında formalaşır. Bu səbəbdən də bir çox insan bu halı yaşamaqda çətinlik çəkir. Onlar bu vəziyyəti məcburi şəkildə əldə etməyə çalışsalar da, əslində “axın” yalnız uyğun şəraitdə öz-özünə yaranır.
Fidan Hacızadə
Sfera.az