İranda genişmiqyaslı kampaniya çərçivəsində milyonlarla vətəndaş ölkəni müdafiə etmək üçün canından keçməyə hazır olduğunu açıqlayıb.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, “Həyatımı verməyə hazıram” adlı kampaniya İran xalqının ABŞ və İsraillə mümkün qarşıdurmada fəal rol oynamağa hazır olduğunu nümayiş etdirmək məqsədilə başladılıb. Kampaniya çərçivəsində aparılan qeydiyyatın nəticələrinə görə, indiyədək təxminən 26,5 milyon nəfər bu təşəbbüsə qoşulub.
Rəsmi məlumatlara əsasən, hazırda 26 milyon 447 min 590 İran vətəndaşı ölkəsi uğrunda qurban verməyə hazır olduğunu bəyan edib.
Qeyd olunub ki, kampaniyanın əsas məqsədi İran xalqının ABŞ və İsrailə qarşı mövqeyini və ölkənin müdafiəsində iştirak əzmini nümayiş etdirməkdir. Məlumata görə, kampaniyada İranın yüksək vəzifəli şəxsləri də iştirak edib. Onların sırasında Prezident Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Bağır Qalibaf da yer alıb. Müşahidəçilər hesab edir ki, bu cür təşəbbüslər regionda artan gərginliyin fonunda ictimai rəyin səfərbər edilməsinə yönəlib.
Bəsti Rəfizadə
Sfera.az