Yer kürəsində işıq çirklənməsi son illərdə əhəmiyyətli dərəcədə artıb. Aparılan yeni beynəlxalq araşdırmaya görə, 2014–2022-ci illər ərzində süni işıqlandırma planetimizi gecələr 16% daha parlaq edib.
Sfera.az xəbər verir ki, tədqiqat NASA-nın “Black Marble” aləti vasitəsilə toplanan peyk məlumatlarına əsaslanır.
Məlumatlar “Suomi NPP” və “NOAA-20” peyklərində quraşdırılmış xüsusi radiometrlərlə analiz olunub.
Araşdırmaya əsasən, Yer ümumilikdə gecələr daha parlaq olur. Xüsusilə Hindistan, Çin və Afrika ölkələrinin bir hissəsində işıqlandırmanın artdığı müşahidə edilib. Bununla yanaşı, bəzi ərazilərdə gecə işıqlarının azaldığı da qeydə alınıb.
Tədqiqatın rəhbəri, uzaqdan zondlama üzrə alim Cje Cju bildirib ki, Yer sabit şəkildə deyil, daha çox “yanıb-sönən” formada dəyişir. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə işıq artımı üstünlük təşkil etsə də, azalma müşahidə olunan ərazilər də ildən-ilə genişlənir.
Məsələn, Ukraynada 2022-ci ildə müharibənin başlamasından sonra gecə işıqlandırmasında ciddi azalma qeydə alınıb. Fransada isə enerji qənaəti tədbirləri nəticəsində gecə işıqları 33% azalıb.
Alimlər qeyd edir ki, istifadə olunan peyk sensorları müasir LED lampaların yaydığı mavi işığa kifayət qədər həssas deyil. Bu səbəbdən real artımın rəsmi göstəricilərdən daha yüksək ola biləcəyi ehtimal edilir. 2023-cü ildə aparılan başqa bir araşdırmaya görə, dünyanın müxtəlif yerlərindən on minlərlə müşahidəçinin məlumatları əsasında gecə səmasının parlaqlığı hər il təxminən 10% artır.
Mütəxəssislər bildirir ki, süni işıqlandırmanın artması insan sağlamlığına, heyvanlara və bitkilərə mənfi təsir göstərir. Bu, bioloji ritmləri pozur, yuxu keyfiyyətini aşağı salır, köç edən quşların və həşəratların istiqamət tapmasını çətinləşdirir. Eyni zamanda, astronomlar üçün də problemlər yaradır və ulduzları müşahidə etmək getdikcə çətinləşir.
Bununla belə, bəzi kasıb regionlarda işıqlandırmanın artması müsbət hal kimi qiymətləndirilir. Bu, həmin ərazilərdə iqtisadi aktivliyin yüksəldiyini və elektrik enerjisinə çıxışın genişləndiyini göstərir.
Qeyd edək ki, araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Firuzə Əliyeva
Sfera.az