Statistikaya əsasən, 2000-ci ildə Azərbaycan əhalisi 8 milyon nəfər ikən gənclərin (15-29 yaş) sayı 2.3 milyon idi. Hazırda əhali 10 milyonu keçsə də, gənclərin sayı hələ də 2.3 milyon civarındadır.


 


Bu isə 2000-ci ildə qeydə alınan rəqəmlə təxminən eynidir. Ən pik nöqtə 2010-cu ildə qeydə alınıb. Həmin vaxt 9 milyonluq əhalinin 2.8 milyonu gənclər idi. Son 15 ildə gənclərin ümumi əhalidəki payı 31 faizdən 23 faizə düşüb.


 


Maraqlıdır, nəyə görə ölkədə gənclərin sayı artmaq əvəzinə 26 il əvvəlki statistik göstəricilərlə eynidir? Nə üçün gənclərin sayı azalır?


 


Bu haqda sosioloq Mail Yaqub Sfera.az-a açıqlama verib. Mütəxəssisin sözlərinə əsasən, Azərbaycanda gənclərin sayının azalmasının əsas səbəbi əhalinin artım tempinin zəifləməsidir:


 



 


“Təəssüf ki, son illərdə artım tempi aşağı düşüb və bunun nəticəsində gənc yaş qrupuna aid əhalinin sayı azalmağa, yaşlı əhalinin sayı isə artmağa başlayıb. Hazırda bu problem Avropa ölkələrində də müşahidə olunur. Məhz buna görə də həmin ölkələrdə təqaüd fondları ciddi maliyyə çətinlikləri ilə üzləşir. Çünki yaşlıların sayı artdıqca, gənclərin və iş qabiliyyətli insanların sayı azalır, nəticədə isə təqaüd yaşına çatanların sayı çoxalır. Bu tendensiya artıq Azərbaycanda da özünü göstərməyə başlayıb və qarşısı təcili şəkildə alınmalıdır”.


 


M.Yaqubun fikrincə, əgər bu vəziyyət davam edərsə, 20-30 ildən sonra Azərbaycan da Avropa ölkələrində olduğu kimi artım tempinin sıfır həddinə çatması problemi ilə üzləşəcək:


 


“Hətta bəzi Avropa ölkələrində, məsələn, İspaniya və Portuqaliyada bu göstərici artıq mənfi istiqamətdə dəyişir. Buna görə də Azərbaycanda artım tempinin daha da aşağı düşməməsi üçün ciddi tədbirlər görülməlidir. Hazırda Azərbaycanda hər ana üçün orta hesabla 1,6 uşaq düşür ki, bu da çox aşağı göstəricidir. Əhalinin artım tempinin qorunması üçün bu göstərici ən azı 2,1 olmalıdır. Yəni orta hesabla hər ana başına minimum 2,1 uşaq düşməlidir. Azərbaycanda isə bu rəqəm hazırda 1,6 səviyyəsindədir və bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi zəruridir”.


 


Bəsti Rəfizadə


Sfera.az