Sakit okeanda yerləşən ada dövləti Tuvalu, iqlim dəyişikliyinin yaratdığı ekzistensial təhlükəyə qarşı radikal addım atıb.


 


İqlim böhranının fəsadlarını ən ağır şəkildə hiss edən ölkə, dəniz səviyyəsinin yüksəlməsi səbəbindən əhalisini mərhələli şəkildə başqa ölkəyə köçürməyə başlayıb.


 


Sfera.az xəbər verir ki, bu çərçivədə başladılan “iqlim vizası” proqramı üçün ilk milli səsvermə 25 iyul 2025-ci ildə keçirilib. Əhalinin təxminən 80 faizinin qatıldığı səsvermə prosesin ciddiliyini və xalqın gələcək taleyi ilə bağlı narahatlığını bir daha ortaya qoyub. Dəniz səviyyəsindən orta hündürlüyü cəmi 2 metrdən az olan Tuvalu, qlobal istiləşmə qarşısında dünyanın ən müdafiəsiz ölkəsi hesab olunur.


 


NASA-nın 2023-cü il məlumatlarına görə, bölgədə suyun səviyyəsi son 30 ilin ortalamasından artıq 15 santimetr yuxarı qalxıb. Ekspertlər xəbərdarlıq edir ki, bu artım davam edərsə, 2050-ci ilə qədər ölkənin böyük hissəsi, o cümlədən kritik infrastruktur tamamilə sular altında qalacaq. Yaranmış təhlükə ilə əlaqədar Tuvalu 2023-cü ilin sonunda Avstraliya ilə "Falepili Birliyi Müqaviləsi"ni imzalayıb. 2024-cü ilin avqustunda qüvvəyə minən bu tarixi razılaşmaya əsasən, hər il 280 Tuvalu vətəndaşı Avstraliyaya daimi köçmək hüququ qazanacaq. Köçənlər Avstraliyada səhiyyə, təhsil, mənzil və məşğulluq kimi bütün təməl hüquqlarla təmin olunacaqlar.Cəmi 11 min nəfər əhalisi olan ölkənin hər il 4 faizinin köç etməsi planlaşdırılır. Bu isə o deməkdir ki, cəmi 10 il ərzində əhalinin 40 faizi vətənini tərk etmək məcburiyyətində qalacaq.


 


Bəsti Rəfizadə


Sfera.az