Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərb ölkələri Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında öz qaydalarını tətbiq etməyə və ölkələrin kimlə münasibət quracağını diktə etməyə çalışır.


 


“Mərkəzi Asiyada maraqlı geosiyasi mübarizə gedir. Bu, Qərbin burada da öz qaydalarını tətbiq etmək, Mərkəzi Asiya dövlətlərinin kiminlə münasibət quracağını diktə etmək və onlarla münasibətlərin tənzimlənməsində aparıcı rol oynamaq cəhdləri ilə şərtlənir”, – Lavrov Pekində keçirdiyi mətbuat konfransında bildirib.


 


Bu açıqlama regionda geosiyasi rəqabətin hansı mərhələdə olduğunu göstərir?


 


Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Rusiya keçmiş sovet respublikalarının yerləşdiyi coğrafiyanı ciddi şəkildə nəzarətdə saxlamağa çalışır, xüsusilə Cənubi Qafqazı və Orta Asiyanı heç bir halda kiminləsə bölüşmək istəmir:


 



 


“Yəni bura başqa dövlətlər, kənar oyunçular daxil olan kimi Rusiya bunu öz maraqlarına zərbə kimi qiymətləndirir. Lavrovun da açıqlaması onu deməyə əsas verir ki, Rusiya hələ də bu coğrafiyaları öz maraq dairəsi, özünün nüfuz dairəsi hesab edir. Düşünür ki, bura ancaq Rusiya girə bilər, başqa dövlətlər bura girməməli, başqa güc mərkəzləri burada var olmamalıdır. Yəni geosiyasi savaş bu cür özünü ifadə edir. Bu regionun əməkdaşlıq etdiyi digər dövlətləri və ya gücləri özlərinə rəqib görürlər və eyni zamanda fərqindədirlər ki, yavaş-yavaş bu bölgələr Rusiyanın maraq dairəsindən çıxır, yaxud da başqa oyunçular ora daxil olur. Lavrov əslində bu narahatlığını dilə gətirir, eyni zamanda ola bilsin ki, Çin tərəfinə də bir ipucu verir. Yəni “sən və biz ola-ola niyə başqaları, məsələn Avropa ölkələri və ya Amerika burada var?” mesajını verir”.


 


Politoloq qeyd edib ki, Lavrovun açıqlaması dolayısı ilə regionun bölüşdürülməsi ideyasına da işarə ola bilər:


 


“Yəni dolayısıyla Lavrov sanki Çinlə Orta Asiyanı, Cənubi Qafqazı bir növ bölüşmək təşəbbüsü ilə çıxış edir və ya ən azından mesaj verir ki, bura bizimdir, başqalarının burada işi olmamalıdır. Əlbəttə, bu, imperiya ambisiyalarının, üstəlik zəifləyən bir imperiyanın geosiyasi oyunlarıdır. Demək olar ki, artıq Rusiya bu bölgədə tək deyil, rəqibləri var və o da bu rəqiblərini burada görmək istəmədiyini açıq şəkildə bəyan edir. Amma bir məqamı da qeyd etmək lazımdır ki, bu bölgə, istər Cənubi Qafqaz, istərsə də Türküstan artıq təkcə Rusiyanın qərar verəcəyi məkan deyil. Burada yerləşən dövlətlər və xalqlar özləri müəyyən etməlidirlər ki, gələcək həyatlarını, siyasi sistemlərini necə quracaqlar, hansı qütblərlə əməkdaşlıq edəcəklər. Əgər region güclənməsə və vahid güc mərkəzinə çevrilməsə, yenə də böyük dövlətlərin rəqabət məkanı olaraq qalacaq”.


 


Fidan Hacızadə


Sfera.az