Papa XIV Leo müharibələrin yaratdığı dağıntıları və liderlərin məsuliyyətsizliyini kəskin tənqid edib. O, dini şüarlardan hərbi məqsədlər üçün istifadə edilməsini "müqəddəsliyin ləkələnməsi" adlandırıb.


 


Sfera.az xəbər verir ki, Papa xüsusilə müharibələrə milyardlarla dollar xərcləyən dövlət başçılarını hədəf alaraq, bəşəriyyətin böyük bir fəlakətə sürükləndiyini bildirib. Dünyanın bir ovuc tiran tərəfindən xarabalığa çevrildiyini vurğulayan Papa, müharibə tərəfdarlarının dağıntıların miqyasını dərk etmədiyini deyib:


 


"Müharibənin ağaları elə zənn edirlər ki, dağıtdıqlarını bərpa etmək asandır. Lakin reallıq budur ki, yenidən inşa prosesi çox vaxt bir insanın ömrünə sığmır. Milyardlarla dollar quruculuğa deyil, məhz yox etməyə sərf olunur". Papa Leo dini ritorikanın münaqişələrə alət edilməsini lənətləyib.


 


O, Tanrı adından siyasi və iqtisadi maraqlar üçün istifadə edənlərə xəbərdarlıq edib: "Tanrının adını hərbi və iqtisadi çıxarlarına qurban verənlərə ayıb olsun! Bu, tərs çevrilmiş bir dünyadır. Müqəddəs dəyərlər qaranlığa sürüklənir. Əli qanlı liderlərin duaları qəbul olunmayacaq".


 


Papanın bu çıxışları ABŞ Prezidenti Donald Trampın ona qarşı tənqidləri fonunda daha çox diqqət çəkib. Xatırladaq ki, Tramp Papanı "cinayətkarlıqla mübarizədə zəif və xarici siyasətdə bacarıqsız" adlandırıb. Hətta Tramp sosial mediada özünü İsa peyğəmbərə bənzədən fotolar paylaşaraq gərginliyi daha da artırıb. Papa Leo isə "Reuters"ə müsahibəsində Trampın şəxsiyyətinə toxunmasa da, İranla bağlı mümkün müharibə təhlükəsi və qlobal sülh mövzusunda danışmağa davam edəcəyini qətiyyətlə bildirib.


 


Bəsti Rəfizadə


Sfera.az