Təsəvvür edin, bir gecə yuxuya gedirsiniz və oyandığınız zaman 32 il keçib. Bildiyiniz kimi dünya dəyişib, yaxınlarınız 32 il qocalıb... Dəhşətli səslənir, elə deyilmi? Bəs sizə bu hekayənin doğru olduğunu desək necə olar? 14 yaşlı Karolina Olsson bir gecə yuxuya gedib və 32 il bir daha oyanmayıb.
Sfera.az dəhşət filmləri ilə rəqabət aparan bu maraqlı hekayənin təfərrüatlarını təqdim edir.
1862-ci ildə anadan olan Karolina Olsson, İsveçin Oknö adasında dörd bacı-qardaşı ilə adi bir həyat yaşayırdı.
Lakin, gənc qız yerə yıxıldıqda onun və ailəsinin həyatı əbədi olaraq dəyişdi. Məktəbdən evə gedərkən Karolina büdrədi və başı səkiyə dəydi. Xəsarətləri sağaldı və gənc qız həyatına davam etdi. Hamı onun tam sağaldığını düşünürdü. Lakin, 22 fevral 1876-cı ildə o zaman 14 yaşında olan Karolina diş ağrısından şikayətlənməyə başladı. Ailəsi "sehr" altında olduğunu düşünərək onu yatağa göndərdi. O vaxt heç kim gənc qızın 32 il oyanmayacağını bilmirdi. Karolinanın yuxusu düz 32 il davam edəcəkdi.
Gənc qızı müayinə edən həkimlər vəziyyəti çaşdırıcı hesab etdilər. Tipik qəza sonrası komadan fərqli olaraq, Karolina ölü görünsə də, sağ idi.
Lakin qəribə olan o idi ki, gənc qızın saçları və dırnaqları uzanmadı və heç nə yeməməsinə baxmayaraq arıqlamadı. 1882-ci ildə, altı il sonra, Karolina elektroşok terapiyası üçün Oskarshamna köçürüldü. Lakin bu müalicə uğursuz oldu. Həkimlər onu yenidən evə göndərdilər və ailəsinə yalnız möcüzənin onu xilas edə biləcəyini bildirdilər. Karolina yatarkən heç bir bərk qida yeməmişdi, ancaq şirinləşdirilmiş südlə bəslənmişdi. Xəstəxana ona demensiya ilə əlaqəli bir növ iflic diaqnozu qoydu. Bu vəziyyətdə maraqlı olan o idi ki, fiziki vəziyyətinə baxmayaraq, zehni hələ də aktiv idi, çünki ətraf mühitə reaksiya verə bilirdi. Valideynləri bunu yalnız illər sonra, bacı-qardaşlarından biri öldükdə anladılar. Karolina hələ də dərin yuxuda olsa da, ağlayırdı.
3 aprel 1908-ci ildə evdə işləyən bir qadın Karolinanı yerdə sürünərkən tapıb.
O, zəif və solğun görünürdü, işığa həssas idi və danışmaqda çətinlik çəkirdi. Bu xəbər böyük həyəcana səbəb oldu. Müxbirlər, həkimlər və maraqlı izləyicilər onun təcrübələrini eşitmək üçün Oknöyə getdilər. Lakin gənc qız oyandıqda, keçən 32 il barədə heç nə xatırlamadı. Onun sözlərinə görə, o, hələ 14 yaşında bir qız idi və yuxuya getdikdən sonrakı səhər oyanmışdı. Lakin Karolina artıq 46 yaşında idi. Qəribədir ki, o, 25-30 yaşları arasında olan biri kimi gənc görünürdü. Stokholmda psixiatrik müayinələrdən keçdi və yuxuya getməzdən əvvəl sahib olduğu bütün qabiliyyətləri saxladığı müəyyən edildi.
Hətta bu gün də insanların vaxtının çox hissəsini yatarkən keçirdiyi hallar var.
Kleine-Levin sindromundan əziyyət çəkən Beth Goodier adlı bir qadın aylarla davam edən yuxu dövrlərini yaşayır və bu müddət ərzində o, yalnız bir neçə saat oyaq qalır. Karolinanın da danışa və yeyə biləcəyi anların olduğu bir nəzəriyyə var, lakin bu qəti şəkildə təsdiqlənə bilməz. Bununla belə, bilirik ki, Karolina oyandıqdan sonra 40 il heç bir problem yaşamayıb və cəmiyyətə inteqrasiya etməkdə heç bir çətinlik çəkməyib.
Aynil
Sfera.az