Yaxın Şərqin hərbi poliqonunda gözlənilməz gediş: Prezident Donald Trampın vasitəçiliyi ilə İsrail və Livan arasında 10 günlük “sükut rejimi” elan edilsə də, rəsmi Təl-Əvivin şərtləri bu sülhün əslində bir “fırtına öncəsi səssizlik” olduğunu göstərir. Bu gecə yarısından qüvvəyə minəcək razılaşma, silahların susmasından çox, şərtlərin diktə edilməsinə bənzəyir.


 


Sfera.az xəbər verir ki, İsrailin “Kanal 14” televiziyasının hərbi dairələrdən əldə etdiyi eksklüziv məlumata görə, SAXAL (İsrail Müdafiə Ordusu) quru qoşunları Livanın cənubunda tutduqları strateji mövqeləri tərk etməyəcək. Əksinə, İsrail hərbçiləri Livanın daxili ərazilərində qalaraq hər bir hərəkəti “mikroskop” altına alacaqlar. Təl-Əviv açıq şəkildə bəyan edib ki, atəşkəs yalnız hava zərbələrinin müvəqqəti dayandırılmasını nəzərdə tutur, lakin “qabaqlayıcı zərbə” hüququ toxunulmaz qalır.


 


Bu o deməkdir ki, İsrail ordusu Qəzzada sınaqdan çıxardığı amansız taktikadan istifadə edərək, hər hansı şübhəli hərbi yerdəyişmə və ya “Hizbullah”ın yenidən qruplaşma cəhdini dərhal havadan bombardman edəcək. Faktiki olaraq, Livanın cənubu 10 gün müddətinə “hərəkət edən hər şeyin hədəf olduğu” bir zona statusunda qalacaq.


 


Rəsmi Təl-Əviv bu 10 günü Livan hökuməti üçün bir “imtahan müddəti” kimi müəyyən edib. Əgər bu qısa zaman kəsiyində rəsmi Beyrut “Hizbullah”ın silahsızlaşdırılması prosesinə başlamasa, İsrail ordusu 10 günün tamamında Livanın hərbi və mülki infrastrukturuna qarşı daha sarsıdıcı və genişmiqyaslı hücumlar vəd edir.


 


Donald Trampın “10-cu sülh missiyası” adlandırdığı bu cəhd, reallıqda Livan hökumətini küncə sıxışdıran bir diplomatik gedişdir. İndi bütün dünyanın diqqəti aprelin 17-si Bakı vaxtı ilə saat 01:00-a dikilib. Bu, sülhün başlanğıcı olacaq, yoxsa daha böyük bir müharibənin taymeridir? Bunu yaxın 240 saat göstərəcək./konkret.az