"Barselona" Çempionlar Liqasının dörddəbir final mərhələsində "Atletiko Madrid"ə qarşı keçirilən oyunlarda hakimliklə bağlı UEFA-ya rəsmi şikayət ərizəsi təqdim edib.


 


Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Bildirilib ki, cavab oyunu 2:1 hesabı ilə "Barselona"nın xeyrinə başa çatsa da, Madrid təmsilçisi ilk oyunda qazandığı 2:0 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Klub hesab edir ki, hər iki qarşılaşmada qaydaların düzgün tətbiq edilməməsi və VAR sisteminin yetərincə müdaxilə etməməsi nəticəsində bir sıra səhv hakim qərarları verilib. Açıqlamada qeyd olunub ki, bu səhvlər oyunların gedişinə və yekun nəticəyə birbaşa təsir göstərib, həmçinin klub üçün ciddi idman və iqtisadi itkilərlə nəticələnib.




Qeyd edək ki, daha əvvəl də "Barselona" ilk oyundakı hakim idarəçiliyi ilə bağlı UEFA-ya müraciət etmiş, lakin qurum bu şikayəti qəbuledilməz hesab etmişdi.




"Atletiko Madrid" yarımfinal mərhələsində "Arsenal"la üz-üzə gələcək. Komandalar arasında ilk oyun aprelin 29-da Madriddə, cavab qarşılaşması isə mayın 5-də Londonda keçiriləcək.


 


Niyaz Hacıyev

Sfera.az